Gələn il qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi nəzərdə tutulur

 

Xəbər verdiyimiz kimi, Rusiya Federasiyası Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnixanovun başçılıq etdiyi geniş tərkibli nümayəndə heyəti ölkəmizə səfər edib. Səfər zamanı Azərbaycanla Tatarıstan arasında müxtəlif sahələrdə əməkdaşlığın perspektivlərinin, gələcək layihələrin müzakirəsi məqsədilə bir sıra görüşlər keçirilib.

Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva noyabrın 29-da Tatarıstan Respublikasının mədəniyyət naziri İrada Ayupova ilə görüşüb.

Qonağı salamlayan Sevda Məmmədəliyeva xalqlarımız arasında tarixi bağlılıq, ortaq dəyərlər və mədəni əlaqələrin inkişafı üçün gələcək əməkdaşlıq perspektivlərindən söz açıb.

Sevda Məmmədəliyeva noyabrın 28-29-da Tatarıstanın Qabdulla Karieva adına Gənc Tamaşaçılar Teatrı tərəfindən Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında Nizami Gəncəvinin “Leyli və Məcnun” poeması əsasında hazırlanmış tamaşanın nümayişinə görə təşəkkürünü bildirib. Səhnə əsərinin tamaşaçılar tərəfindən maraqla qarşılandığı qeyd olunub.

Azərbaycanda təhsil almış nazir İrada Ayupova uzun müddətdən sonra ölkəmizə səfəri və Bakı şəhərinin sürətli inkişafı ilə bağlı xoş təəssüratlarını bölüşüb, eyni zamanda Azərbaycanda tarixən çoxsaylı mədəni tədbirlərin keçirilməsi ənənəsinin bu gün də davam etdiyinin şahidi olduğunu bildirib.

Söhbət zamanı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi, türk xalqlarını birləşdirən birgə layihələrin həyata keçirilməsi və xüsusi əhəmiyyətli tədbirlərdə qarşılıqlı iştirakın önəmi vurğulanıb.

Tatarıstan naziri dekabrın 4-9-da Kazan şəhərində UNESCO-nun “Dünya mədəni və təbii irsinin qorunması haqqında” 1972-ci il Konvensiyasının 50 illiyinə həsr olunan beynəlxalq forumun keçiriləcəyini diqqətə çatdırıb və Azərbaycan Mədəniyyət Nazirliyinin rəsmilərini bu forumda iştiraka dəvət edib. O, həmçinin Tatarıstanda keçirilən teatr, folklor, ənənəvi uşaq oyun festivalları, o cümlədən, türk irsi ənənələrinə və onların təbliğinə yönəlmiş beynəlxalq tədbirlər haqqında məlumat verib. Bununla yanaşı, elm sahəsində əməkdaşlığın dərinləşdirilməsinə üstünlük verilməsi, xüsusilə gənclər arasında elm sahəsində əməkdaşlığın qurulması, Tatarıstanda türk xalqlarının tarixi üzrə uşaqlar arasında olimpiadanın keçirilməsi və bu tədbirlərdə Azərbaycan tərəfinin iştirakının önəmi vurğulanıb.

Görüşdə Azərbaycanda və Tatarıstanda türk xalqlarına aid çoxlu sayda qədim əlyazmaların mövcud olduğu bildirilib, bu əlyazmaların araşdırılıb oxunması üçün süni intellekt əsaslı texnologiya sahəsində birgə əməkdaşlığın zəruriliyi qeyd edilib.

Görüş zamanı Şuşa şəhərinin 2023-cü ildə “Türk Dünyasının Mədəniyyət Paytaxtı” seçilməsi, habelə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar nəzərdə tutulan tədbirlərdə birgə əməkdaşlıq barədə məlumat mübadiləsi aparılıb. Növbəti ildə qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi və bu çərçivədə festivallarda iştirak, birgə kino günlərinin təşkili, mədəniyyət sahəsi ilə bağlı gənclər forumunun keçirilməsi müzakirə olunub.