İsmayıllı Regional Mədəniyyət İdarəsi (RMİ) İsmayıllı Rayon Mədəniyyət Mərkəzində Vətən müharibəsi şəhidi Cəmil Məmmədlinin xatirəsinə həsr edilən “Elə bir ömür yaşayacam ki...” sənədli filminin təqdimatı olub.

Təqdimat mərasimində rayonun icra başçısı Nahid Bağırov, Milli Məclisin deputatı Novruzəli Aslanov, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və digər qonaqlar iştirak ediblər. İlk olaraq qonaqlar Cəmil Məmmədlinin həyat və döyüş yolunu əks etdirən sərgi ilə tanış olublar.

Çıxışlarda 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbədən, Azərbaycan hərbçilərinin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan danışılıb. Qeyd edilib ki, şəhidlərin xatirəsini əbədiləşdirmək üçün çəkilmiş bu cür filmlər gələcək nəsillər üçün vətənpərvərlik məktəbidir.

Şəhidin anası Aygün Məmmədova filmin ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlığını bildirib.

Sonra filmi nümayiş olunub. “GünTV” media qrupunun rəhbəri Mehriban Sadıqovanın ssenarisi əsasında çəkilmiş filmdə şəhid C.Məmmədlinin həyatı və döyüş yolu barədə yaxınlarının, müəllimlərinin, döyüş yoldaşları və dostlarının xatirələri yer alıb.