Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) “Şərq və Qərb musiqi mədəniyyətlərinin dialoqu” mövzusunda ikinci beynəlxalq elmi-praktiki konfrans keçirilib.

BMA-dan bildirilib ki, konfrans akademiyanın Tarix-nəzəriyyə fakültəsinin dekanı Gülzar Mahmudova və Azərbaycan Ənənəvi musiqisi və müasir texnologiyalar kafedrasının müdiri Tariyel Məmmədovun təşəbbüsü ilə təşkil olunub.

BMA-nın rektoru Xalq artisti, professor Fərhad Bədəlbəyli konfransı açıq elan edərək iştirakçılara uğur arzulayıb.

Moskva Dövlət Konservatoriyasının elmi işlər üzrə prorektoru, musiqişünas Konstantin Zenkin konfransda iştirakından məmnun olduğunu bildirərək Üzeyir Hacıbəyli ənənələrinin çağımızda qorunub saxlanılmasının sevindirici hal olduğunu bildirib. O, paytaxt Bakını Şərqdə elm, yaradıcılıq mərkəzi kimi qiymətləndirib.

BMA-nın tədris işləri üzrə prorektoru, Əməkdar müəllim Nərminə Quliyeva konfrans çərçivəsində tarixçi alim Teymur Atayevin rus dilində nəşr edilmiş "Dmitri Şostakoviçin son bəstələri: həyat yolunu dərk etmək” kitabını iştirakçılara təqdim edib.

Musiqi tarixi kafedrasının müdiri Ülviyyə İmanova və dosent İnna Pazıçeva görkəmli bəstəkar D.Şostakoviçin yaradıcılığı haqqında məlumat verərək onun zəngin musiqi ideyası ilə mədəniyyət tarixinə töhfələrindən bəhs ediblər.

Digər çıxış edənlər Teymur Atayevə kitabın ərsəyə gəlməsində əməyinə görə minnətdarlıqlarını bildiriblər.

Sonra BMA-nın İfaçılıq fakültəsinin tələbələri D.Şostakoviçin simli kvartet üçün "Zarafat" əsərini səsləndiriblər.