Dekabrın 5-də Azərbaycan Mətbuat Şurasında “Günaz TV”nin qurucusu Əhməd Obalı ilə görüş keçirilib.

Tədbiri giriş sözü ilə MŞ sədri Rəşad Məcid açaraq bildirib ki, İranda davam edən etiraz dalğası fonunda orada yaşayan soydaşlarımızın hüquq və azadlıqları məsələsi müstəsna önəm daşımaqdadır. Prezident İlham Əliyevin onların ana dillərində təhsil almalarının zəruriliyini vurğulaması həm Azərbaycan cəmiyyətində, həm də cənublu soydaşlarımız arasında böyük nikbinlik yaradıb.

R.Məcid deyib ki, Mətbuat Şurası “Günaz TV”nin qurucusu Əhməd Obalı ilə media təmsilçilərinin görüşünü təşkil etməklə Azərbaycan vətəndaşlarını düşündürən məsələlər barədə mediamızın müfəssəl məlumatlarla təmin olmasını əsas tutub. O, çıxışında Ə.Obalının Cəbrayıl rayonu ərazisindəki Xudafərin körpüsündə olduğunu, işğaldan azad edilmiş digər bölgələrimizə səfər gerçəkləşdirdiyini, təəssüratlarını media ilə bölüşməsinin əhəmiyyətini də vurğulayıb.

İranda üç aydır davam edən etiraz dalğasına münasibət bildirən Ə.Obalı bu proseslərin Cənubi Azərbaycanın fars rejimindən qurtulması, milli haqlarına qovuşması baxımından vacibliyindən söz açıb, bunu tarixi fürsət kimi dəyərləndirib. O, eyni zamanda Qarabağın işğaldan azad edilməsindən sonra Azərbaycan Respublikasının bu istiqamətdəki rolundan danışıb. Bu mənada Prezident İlham Əliyevin son aylarda üç dəfə Arazın o tayındakı soydaşlarımızın hüquqlarını önə çəkən fikirlərinin böyük ruh yüksəkliyi yaratdığını deyib, qətiyyətli və prinsipial mövqeyinə görə dövlət başçısına təşəkkürünü ifadə edib.

Ə.Obalı çıxışında, həmçinin işğaldan azad edilmiş ərazilərə, Xudafərin körpüsünə səfəri ilə bağlı təəssüratlarını bölüşüb. Həmin ərazilərdə Azərbaycan, ümumilikdə türk mirasına qarşı erməni vandalizminin törədildiyini, torpaqlarımızın talan edilməsində İranın da yaxından iştirak etdiyini bildirib.

Görüşdə İranda son üç ayda baş verən hadisələr, orada yaşayan soydaşlarımızın proseslərdə iştirakı, habelə İslam respublikasının ölkəmizə münasibəti ilə bağlı müxtəlif məsələlər müzakirə edilib, Azərbaycan mediasının diqqət etməli olduğu məqamlara nəzər salınıb.

R.Məcid bildirib ki, Azərbaycan mediası da dövlət başçısının qaldırdığı məsələlərə həssas yanaşma tərzi ortaya qoyur, mövzuya yaradıcılıq çalarları gətirməklə, onu zənginləşdirir. Bu isə ictimai missiya daşıyan jurnalistikanın müstəsna töhfəsidir.

MŞ İdarə Heyətinin üzvlərindən Qulu Məhərrəmli, Azər Həsrət, Akif Aşırlı Ə.Obalının qurucusu olduğu “Günaz TV”nin Azərbaycandakı yayımının yaxşılaşdırılması istiqamətində təkliflər səsləndiriblər.

Görüşdə, eyni zamanda İranın müxtəlif kütləvi informasiya vasitələrində aparılan anti-Azərbaycan təbliğatından da söz açılıb. Belə xoşagəlməz meyillərin son aylarda daha da artmasının Azərbaycan Respublikasının apardığı müstəqil siyasət və bölgədəki nüfuzu ilə bağlı olduğu vurğulanıb.

Toplantıda İranın İslam dininin düşməni olan işğalçı Ermənistanla yaxınlığı üzərində də dayanılıb. Tehranın artan informasiya diversiyaları şəraitində Azərbaycan mediasının fəaliyyət istiqamətləri ətrafında geniş fikir mübadiləsi aparılıb.