Mədəniyyət naziri Anar Kərimov dekabrın 2-də Nizami Kino Mərkəzində gənc kinematoqrafçılarla görüşüb. Görüşdə Mədəniyyət Nazirliyi Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov və kinorejissor, Əməkdar incəsənət xadimi Elçin Musaoğlu da iştirak ediblər.

Anar Kərimov çıxış edərək mədəniyyətimizin dayanıqlı inkişafı məqsədilə aparılan islahatlardan danışıb. Nazir mədəniyyət sahəsinin idarə edilməsində şəffaf və səmərəli mexanizmlərin yaradılması, müasir tələblərə cavab verən və cəmiyyətin inkişafına yönəlmiş infrastrukturun qurulmasında yaradıcı gənclərin də dəstəyinə ehtiyac duyulduğunu bildirib.

Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikası Kino Agentliyinin Nizamnaməsinin təsdiq edildiyini diqqətə çatdıran Anar Kərimov qurumun ölkəmizdə kino sənayesinin inkişafına təkan verəcəyini vurğulayıb.

Kino sahəsinin inkişaf etdirilməsi üçün Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən tədbirlərin, festivalların əhəmiyyətindən danışan nazir gənc kinematoqrafçıları bu prosesdə aktiv iştirak etməyə çağırıb.

Görüş iştirakçıları Azərbaycan kinosunun bugünkü vəziyyəti barədə fikirlərini bölüşüblər. Gənclər milli kinonun inkişafı, beynəlxalq arenaya çıxarılması və yeni ideyalara açıq olması barədə arzu və təkliflərini diqqətə çatdırıblar.