Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti Şəki şəhərində qastrolda olub. Teatrdan bildirilib ki, səfər Gənc Tamaşaçılar Teatrı və İsveç Krallığının Azərbaycandakı Səfirliyinin birgə layihəsi çərçivəsində reallaşıb.

Kollektiv görkəmli İsveç dramaturqu Astrid Lindqrenin “Uzuncorab Pippi” tamaşasını təqdim edib.

Tamaşadan öncə İsveçin Azərbaycandakı səfiri Tobias Lorentzon A.Lindqrenin yaradıcılığı haqqında məlumat verib, yazarın hər bir azyaşlı tamaşaçının dünyagörüşünün formalaşmasına göstərdiyi müsbət təsiri diqqətə çatdırıb.

Eyniadlı romanının motivləri əsasında Staffan Qotestamın səhnələşdirdiyi tamaşanın quruluşçu rejissoru Azərbaycan və Kalmıkiyanın Əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Sebastian (Danimarka), aranjimançısı Rüfət Ramazanov, məsləhətçisi İsveç rejissoru Ronni Danielsson, rejissor assistenti Sona Mustafayevadır.

Səhnə əsərində Əməkdar artistlər Nəsibə Eldarova, Gülər Nəbiyeva, həmçinin Zümrüd Quliyeva, Anar Seyfullayev, Gülbəniz Mustafayeva, Venera Abbasova, Hüsniyyə Əhmədova, Müşfiq Əliyev, Vahid Orucoğlu və Ramil Məmmədov çıxış ediblər.

Tamaşada sahibsiz qalanlara arxa durmaq, köməksizlərə əl uzatmaq, vətənpərvər, insansevər olmaq, ailə tərbiyəsinin əhəmiyyəti barədə fikirlər səslənir.

Səhnə əsəri şəkili tamaşaçılarda xoş ovqat yaradıb, maraqla qarşılanıb.