Bu təlimlərin adı “Qardaş yumruğu”dur. Bu, Türkiyə-Azərbaycan birliyinin növbəti təzahürüdür. Birliyimiz sarsılmazdır, əbədidir. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!

Prezident İlham Əliyev bu sözləri Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə hərbi təlimlərinin başa çatması münasibətilə şəxsi heyətə təbrikində bildirib.

Müdafiə Nazirliyi mətbuat xidmətinin məlumatına görə, “Qardaş yumruğu” təliminin son günündə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan telefon zəngi ilə iki qardaş ölkənin təlimdə iştirak edən şəxsi heyətlərini təbrik ediblər.

Azərbaycan-Türkiyə birgə hərbi təlimləri də göstərdi ki, heç kim bizi bir-birimizdən ayıra bilməz və ayıra bilməyəcək.

Bunu isə Prezident Rəcəb Tayyib Ərdoğan hərbi təlimin iştirakçılarına müraciətində bildirib. O qeyd edib ki, Türkiyə və Azərbaycan bu hərbi təlimlərlə bir daha həmrəylik nümayiş etdirib.

Ərdoğan dekabrın 6-da Ankarada Türkiyə İşəgötürənlər Dərnəkləri Konfederasiyasının (TİSK) qurultayındakı çıxışında da Azərbaycanda keçirilən “Qardaş yumruğu” təlimindən bəhs edib. Türkiyə dövlətinin başçısı vurğulayıb ki, təlimlərin məqsədi sərhəddə baş verə biləcək problemləri yerindəcə həll etmək olub. “Biz atdığımız addımları bundan sonra da davam etdirəcəyik”, – deyə o bildirib.