Xəbər verildiyi kimi, Özbəkistan Respublikası Səmərqənd Vilayətinin Kattakurqon Şəhər Dram Teatrının yaradıcı heyəti 1-6 dekabr tarixlərində Bakıda qastrolda olub.

Yaradıcı heyət paytaxtımıza Azərbaycan musiqili teatr səhnəsinin məşhur nümunələrindən biri – Məcid Şamxalovun “Qayınana” komediyası ilə gəlib.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında qonaq heyət böyük coşqu ilə qarşılanıb. Teatrın balet truppasının ifasında rəqs nömrələri nümayiş etdirilib, qonaqlar özbək və Azərbaycan mahnılarının sədaları altında rəqsə dəvət ediliblər. Qonaqlar teatrın binası ilə tanış olub, məşq proseslərini izləyiblər.

“Qayınana” komediyası dekabrın 2-də, daha sonra ayın 4-də və 5-də Akademik Musiqili Teatrın səhnəsində özbək dilində nümayiş olunub.

Xatırladaq ki, bu ilin yayında Akademik Musiqili Teatrın quruluşçu rejissoru Əsgər Əsgərov Avrasiya Teatr Birliyinin dəvəti ilə Özbəkistana, məhz bu tamaşaya quruluş vermək üçün Kattakurqon teatrına dəvət edilmişdi. Avqust ayında isə Akademik Musiqili Teatrın direktoru Əliqismət Lalayevin Özbəkistana səfəri zamanı iki ölkə teatrları arasında memorandum imzalanıb.

“Qayınana” tamaşası ilk dəfə 1965-ci ildə rejissor Niyaz Şərifovun quruluşunda Musiqili Komediya Teatrında (indiki Akademik Musiqili Teatr) səhnəyə qoyulub. Xalq artisti Nəsibə Zeynalova bu tamaşada unudulmaz Cənnət xala obrazı ilə milyonların qəlbini fəth edib. 1978-ci ildə eyniadlı film də (rejissor Hüseyn Seyidzadə) çəkilib.

Rejissor Əsgər Əsgərovun quruluşunda təqdim olunan “Qayınana”da Cənnət obrazını Özbəkistanın Əməkdar artisti Gülbahar Məmmədova ifa edib. Tamaşanın rəssamı Bəhram Safoyev, musiqi tərtibatçısı Sevda Əliyeva, rejissor assistenti Feruzbek Abdurayimovdur.

Dekabrın 6-da Akademik Musiqili Teatrda özbəkistanlı qonaqların yolasalma mərasimi keçirilib.

Mərasimdə özbək teatrının direktoru Batır Tuqalov mədəniyyət naziri Anar Kərimovun imzaladığı fəxri fərmanla təltif olunub. Fəxri fərmanı qonağa nazirliyin Teatr sektorunun baş məsləhətçisi Emin Əliyev təqdim edib. 

Batır Tuqalov yaradıcı heyət adından səfərin təşkilində zəhməti olan hər kəsə təşəkkürünü bildirib. 

Qonaq kollektiv adından Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevə və teatrın quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Əsgər Əsgərova xatirə hədiyyələri təqdim edilib.

Özbək teatrının “Qayınana”sı haqqında daha ətraflı növbəti sayımızda.