“Şuşa İli” ilə əlaqədar Azərbaycanın Bolqarıstandakı Səfirliyi tərəfindən də bir sıra tədbirlər həyata keçirilib. Səfirlikdən bildiriblər ki, bu tədbirlər çərçivəsində Azərbaycan Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədovun “Şuşa – Azərbaycanın tarixi və mədəniyyət paytaxtı” kitabı bolqar dilinə tərcümə olunub. Bolqarıstan Dövlət Teleqraf Agentliyində nəşrin təqdimatı olub.

Təqdimat Şuşaya həsr olunmuş elmi-praktiki konfrans çərçivəsində baş tutub. Konfransda çıxış edən səfir Hüseyn Hüseynov 2022-ci ilin Azərbaycanda “Şuşa İli” elan olunduğunu bildirib, Şuşanın tarixi, şəhərin 30 ilə yaxın Ermənistanın işğalı altında qaldığı müddətdə tam viran qoyulması, 2020-ci il noyabrın 8-də Azərbaycan Ordusu tərəfindən azad olunması haqqında danışıb.

UNESCO üzrə Azərbaycan Milli Komissiyasının dəstəyi ilə bolqar dilinə tərcümə olunmuş kitabın müəllifi Elçin Əhmədov konfransa videoformatda qoşularaq, nəşrdə Şuşanın yaranma tarixindən bu günədək baş vermiş əsas hadisələrin faktlarla əks olunduğunu diqqətə çatdırıb.

Konfrans zamanı qədim Şuşanın məhəllə və küçələrini əks etdirən şuşalı rəssam Rövşən Bayramovun əsərlərindən ibarət sərgi də nümayiş olunub.