Dekabrın 6-da Bakıdakı Rus Evində Rusiya-Azərbaycan kitabxana forumu keçirilib. Tədbir iki ölkə arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş “Rusiya və Azərbaycanın mədəniyyət xadimləri arasında dialoq” çərçivəsində gerçəkləşib.

Tədbirə onlayn formatda qoşulan Rusiya Dövlət İncəsənət Kitabxanasının direktoru Ada Kolqanova kitabxananın fəaliyyəti, səyyar sərgilər, virtual ekskursiyalar barədə söhbət açıb. Qeyd edib ki, müasir şəraitdə kitabxanaçılar yeni fəaliyyət növləri axtarıb tapmalı və istifadə etməli, ənənəvi xidmətlərin keyfiyyətini yaxşılaşdırmalıdırlar. O, xarici ölkələrin kitabxanaları ilə fəal əməkdaşlıq etməyin vacibliyini vurğulayıb.

Azərbaycan Milli Kitabxanasının İnformasiya şöbəsinin sektor müdiri Pərvanə Qurbanova iştirakçıların diqqətinə çatdırıb ki, kitabxana dünyanın 60 ölkəsi ilə mübadilə aparır. O, kitabxananın oxuculara xidməti, elektron resursları barədə danışıb. Bildirib ki, Milli Kitabxana elektron çatdırılma ilə də məşğuldur. Bu, kitabxananın abonentlərinə, eləcə də istifadəçilərinə ölkənin hər yerindən jurnal, qəzet, məcmu, kitab fraqmentlərinin elektron surətlərini sifariş vermək və əldə etmək imkanı yaradır.

Rusiya Dövlət Kitabxanasının baş direktoru Vadim Duda iştirakçıları həyata keçirdikləri layihələr, tətbiq olunan yeniliklər, beynəlxalq təşkilatlar və xarici ölkələrin kitabxanaları ilə əməkdaşlıq barədə məlumatlandırıb.

Forum iştirakçıları kitabxana xidmətlərinin inkişafı, layihələr və gələcək əməkdaşlıqla bağlı məsələləri müzakirə ediblər.

Forum çərçivəsində “Kitabxana fondunun inkişafı və qorunub saxlanması”, “Kitabxanaların fəaliyyətinin rəqəmsal transformasiyası” mövzularında dəyirmi masalar keçirilib.