Avroviziya beynəlxalq mahnı müsabiqəsinin Azərbaycanda rəsmi yayımçısı olan “İctimai Televiziya və Radio Yayımları Şirkəti Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək “Avroviziya-2023”də ölkəmizi təmsil edəcək ifaçı və mahnı seçimi üçün elan verib.

Seçimlərdə iştirak etmək istəyən ifaçılar və bəstəkarlar dekabr ayının 31-nə qədər öz ifalarını, demo şəklində bəstələdiyi mahnılarını, yaxud öz ifasında olan və Avroviziya üçün hazırlanmış yeni mahnılarını song@eurovision.az elektron ünvanına göndərə bilərlər.

Avropa Yayım Birliyinin (EBU) qaydalarına əsasən, mahnının xronometrajı 3 dəqiqədən çox olmamalıdır. Mahnı 2022-ci il sentyabrın 1-dən əvvəl kommersiya məqsədi ilə buraxılmamalı, ictimai resurslarda və KİV-də (televiziya, radio və ya internet vasitəsilə) yayımlanmamalıdır.

“Avroviziya-2023” mahnı müsabiqəsi Liverpulda 9, 11 və 13 may tarixlərində keçiriləcək.