2022-ci ildə “Türk Dünyasının Mədəniyyət Paytaxtı” olan Türkiyənin Bursa şəhəri bu missiyanı Azərbaycanın Şuşa şəhərinə təhvil verməyə hazırlaşır. 8-9 dekabr tarixlərində  Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Bursa Böyükşəhər Bələdiyyəsinin təşkilatçılığı, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un iştirakı ilə Bursada “Şuşa günləri” keçirilir. Tədbirdə “Türk Dünyasının Mədəniyyət Paytaxtı” estafeti Bursadan Şuşaya təhvil veriləcək.

Açılış mərasimində Bursa Böyükşəhər Bələdiyyəsinin başqanı Alinur Aktaş, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, TÜRKSOY-un baş katibi Sultan Raev, Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömüraliyev və Bursa valisi Yakup Canbolat çıxış ediblər. Çıxışlarda “mədəniyyət paytaxtı” ili çərçivəsində Bursada ortaq mədəniyyətimizi əks etdirən festivalların, idman oyunlarının, digər tədbirlərin keçirildiyi, bununla əlaqədar Türk dünyasından çox sayda siyasətçinin, mədəniyyət və elm xadimlərinin Bursaya gəldiyi qeyd olunub.

Çıxışçılar bu missiyanı Bursadan qəbul edəcək Şuşa haqqında da söz açıblar. Bildirilib ki, Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhəri 30 illik işğaldan sonra 44 günlük Vətən müharibəsi nəticəsində şanlı Zəfərlə azad edilib. İşğal dövründə ermənilər tərəfindən Şuşanın mədəni-mənəvi irsi dağıdılıb, şəhər viran qoyulub. Hazırda Azərbaycan dövləti bu ərazilərdə bərpa-yenidənqurma işləri aparır. Bildirilib ki, Azərbaycan xalqı üçün xüsusi məna kəsb edən Şuşanın “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan edilməsi, eyni zamanda türk xalqları arasında birlik və bərabərliyin daha da möhkəmləndirilməsi, əməkdaşlığın inkişaf etdirilməsi üçün mühüm əhəmiyyət daşıyır.

Sonra Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən “Şuşa günləri”nin təşkilində əməyi olanlara təşəkkürnamələr və plaketlər təqdim edilib.

Mərasimdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, ölkəmizin İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, dövlət qurumlarının nümayəndələri və digərləri iştirak ediblər.

***

Bursa şəhərində “Şuşa günləri” çərçivəsində “Şuşanın tək incisi” bədii-sənədli filminin təqdimatı olub. Film bu il 190 illiyi qeyd olunan Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvanın həyat və yaradıcılığına həsr edilib. Ekran əsərində Şuşanın tarixi, şəhərin işğal dövründə dağıdılması, şanlı Zəfərimizdən sonra Qarabağda aparılan bərpa-yenidənqurma işləri haqqında da məlumat verilir.

Filmin ideya müəllifi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, rejissoru Zəhra Quliyeva, ssenari müəllifi Ülviyyə Heydərovadır.

Natəvan obrazını Xalq artisti Mehriban Zəkinin canlandırdığı filmin çəkilişləri Xan qızının ocağında – Şuşada ermənilər tərəfindən viran qoyulan evində aparılıb.

Sonra Azərbaycan muğam qrupunun müşayiəti ilə Xalq artisti Mehriban Zəkinin ifasında Natəvanın şeirləri səsləndirilib.

Mərasimdən sonra Azərbaycan nümayəndə heyətinin Bursa Böyükşəhər Bələdiyyəsinin başqanı Alinur Aktaş və Bursa valisi Yakup Canbolat ilə görüşləri keçirilib.

***

“Şuşa günləri” çərçivəsində məşhur fotoqraf Reza Deqatinin Qarabağ mədəniyyətini əks etdirən “Azərbaycanın incisi Şuşa” fotosərgisi də açılıb. Sərgidə fotoqrafın Şuşada işğaldan əvvəl və sonra çəkdiyi fotoşəkillər təqdim edilir. 1992-ci ilin aprelində şəhərin erməni qüvvələrinin əlinə keçməsinə bir neçə həftə qalmış Şuşada fotolar çəkən R.Deqati 30 ildən sonra qayıdaraq şəhəri yenidən kameranın yaddaşına köçürüb.