“Şuşa yaradıcılıq emalatxanası” layihəsinə yekun vuruldu

 

Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin dəstəyi ilə 26-28 avqust tarixlərində Azərbaycanın mədəniyyət paytaxtında yaradıcı insanların iştirakı ilə “Şuşa yaradıcılıq emalatxanası” adlı layihə həyata keçirilmişdi.

“Şuşa İli” çərçivəsində gerçəkləşən layihə çərçivəsində müxtəlif peşə istiqamətləri üzrə Azərbaycandan və Türkiyədən olan yaradıcı insanlar Şuşada bir araya gəlmişdilər. Üç gün ərzində Şuşa ilə yaxından tanış olan 30-a yaxın bəstəkar, musiqişünas, yazıçı, fotoqraf, rəssam və digər sənət sahibləri səfər təəssüratı altında uyğun istiqamətlər üzrə əsərlər, əl işləri yaradıblar.

Dekabrın 8-də Beynəlxalq Muğam Mərkəzində layihənin yekun tədbiri keçirildi.

İlk olaraq qonaqlar mərkəzin foyesində emalatxana iştirakçılarının yaratdıqları bədii yaradıcılıq nümunələri ilə tanış oldular. Burada sənətkarların Şuşadan ilhamlanaraq ərsəyə gətirdiyi əl işləri sərgilənirdi. Nəzər Əliyevin misgərlik, Şəhla Əsgərovanın bədii tikmə, Humay Abdullayevanın keramika, Tofiq Əliyevin oyma, Sevinc Əliyevanın ebru və Orxan Əzimin fotoqrafiya işləri böyük maraqla qarşılandı.

Sonra tədbir mərkəzin zalında davam etdi. Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Əməkdar incəsənət xadimi, musiqişünas, layihənin iştirakçısı Zümrüd Dadaşzadə emalatxananın əhəmiyyətindən söz açdı. Bildirdi ki, layihənin məqsədi tarixi və əzəli torpaqlarımızda otuz ilə yaxın sürən işğal dövründə törədilmiş barbarlıq, dağıdılmış abidələrimiz haqqında ictimaiyyəti daha geniş məlumatlandırmaq, mədəni irsimiz, zəngin tariximiz və ənənələrimizi layihəyə qatılan yaradıcı insanların təqdim edəcəyi əsərlər vasitəsilə təbliğ etməkdir.

Emalatxana iştirakçılarının ərsəyə gətirdiyi əsərləri yüksək dəyərləndirən Z.Dadaşzadə Türkiyədən olan blogerlərin də dolğun reportajlar etdiyini bildirdi: “Bu gün Şuşa bərpa olunur, şəhər göz önündə dirçəlir. Biz səfərimiz zamanı şəhərin dağıntılarını da, bərpasını da eyni anda izləyirdik və bu həm kədərli, həm də qürurverici idi. Şuşada xüsusi bir gözəllik var. Bülbülün evi təmir edilib, Üzeyir bəyin evi təmir prosesindədir. Biz Şuşanı gəzərkən dahiləri yad edirdik. İnanırıq ki, Şuşa haqqında hələ neçə-neçə əsərlər yaranacaq. Bunlar həm lirik, həm də optimist ruhlu əsərlər olacaq. Layihənin təşkilinə görə Mədəniyyət Nazirliyinə bütün iştirakçılar adından təşəkkür edirəm”.

Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vüqar Məmmədov çıxışında təqdim olunan əsərləri gördükdən, dinlədikdən sonra hər kəsin muğam-sənət beşiyimiz Şuşaya bir qədər də fərqli gözlə baxacağına əminliyini qeyd etdi: “Çünki bu əsərlər gözəl Şuşa haqqında həzin, isti və fərqli təəssüratlar yaradır. Sənət adamları Şuşaya öz duyğuları və hissləri ilə yanaşıblar. İnanıram ki, layihənin davamı olacaq. Bütün iştirakçılara uğurlar arzulayıram”.

Vüqar Məmmədov sonra bu gün 65 yaşını qeyd edən bəstəkar, Xalq artisti, Üzeyir Hacıbəylinin Ev-Muzeyinin direktoru Sərdar Fərəcovu yubileyi münasibətilə təbrik etdi, cansağlığı və yaradıcılıq uğurları arzuladı.

Sonda emalatxana iştirakçılarının Şuşada olarkən lentə aldıqları videoçarx, türk youtuber Kerem Gök tərəfindən hazırlanan videoreportaj nümayiş olundu. Bəstəkarlar Əməkdar incəsənət xadimi Ceyhun Allahverdiyevin “Vida adajiosu”, Vüqar Məmmədzadənin “Adajio”, Xalq artisti Sərdar Fərəcovun “Elegiya”, Könül Hüseynovanın “Qoruyaq dünyamızı” əsərləri Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri (bədii rəhbər və baş dirijor: Xalq artisti Fəxrəddin Kərimov) tərəfindən ifa edildi.

Həmçinin Xalq artisti Salman Qəmbərov və ifaçı Firudin Həmidovun caz kompozisiyası da maraqla qarşılandı.

Tədbir gənc şair Rəvan Cavidin “Şuşaya” şeiri və xanəndələrin ifasında “Qarabağ şikəstəsi”nin səslənməsi ilə başa çatdı.

Lalə Azəri