İnanıram ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətinin bir parçası olan “Şuşa Günləri” Türk birliyinin möhkəmlənməsinə də öz töhfəsini verəcəkdir.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva bu sözləri rəhbərlik etdiyi təşkilat tərəfindən 8-9 dekabr tarixlərində Bursada keçirilən Şuşa Günlərinin açılış mərasimində çıxışı zamanı deyib.

Günay Əfəndiyeva qeyd edib ki, 2022-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı” statusunu layiqincə daşıyan Bursa estafeti Azərbaycan mədəniyyətinin beşiyi Şuşaya təhvil verməkdədir: “Bu xüsusda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Bursada Şuşa Günlərinin keçirilməsi təşəbbüsünü irəli sürdü və bu təklif Türk ölkələrinin rəhbərləri tərəfindən dəstəklənərək, Səmərqənd Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə (11 noyabr – red.) qəbul olunan Səmərqənd Bəyannaməsində də öz əksini tapdı. Bu, həm də yeni və gözəl bir ənənənin başlanğıcı da sayıla bilər”.

Günay Əfəndiyeva ümidvar olduğunu bildirib ki, keçirilən tədbirlər vasitəsilə Azərbaycanın incisi, Qarabağın baş tacı, Türk dünyasının ayrılmaz parçası Şuşanın zəngin tarixinin, mədəniyyətinin, incəsənətinin ətrinin Bursada duyulacaq, türk xalqlarının Şuşanı daha geniş miqyasda tanımaq imkanı qazanacaq.

Fondun prezidenti 2020-ci ilin Vətən müharibəsində Türkiyənin Azərbaycana dəstəyindən bəhs edərək, bildirib: “Şuşa, gerçək qardaşlıq nümunəsidir. Türkiyənin Azərbaycanın yanında dik duruşudur. Doğmalığın nümayiş etdirilməsidir. Şuşa Türk dünyasının ayrılmaz parçasıdır. Bizi birləşdirən amildir”.

Günay Əfəndiyeva Şuşa Günləri çərçivəsində həyata keçirilən tədbirlər da haqqında məlumat verib. Diqqətə çatdırıb ki, iki gün ərzində tədbirlərin proqramına bu il 190 illiyi qeyd olunan Xan qızı Xurşidbanu Natəvan haqqında Fond tərəfindən hazırlanmış sənədli filmin və Azərbaycanın muğam triosunun müşayiəti ilə gözəl sənətçi Mehriban Zəkinin ifasında ədəbi-musiqili kompozisiyanın nümayişi, XX əsr Azərbaycan ədəbiyyatının klassiki İlyas Əfəndiyevin “Qarabağnamə” (“Hökmdar və qızı”) pyesi və Xalq yazıçısı Elçinin “Baş” romanı əsasında Bakı Bələdiyyə Teatrının hazırladığı “Şuşada ürəyim qaldı” tamaşası, dünyaca məşhur fotoqraf Reza Deqatinin “Azərbaycanın incisi Şuşa” sərgisinin, Azərbaycanın tanınmış modelyer-dizayneri Gülnarə Xəlilovanın Qarabağ milli geyim kolleksiyasının təqdimatı daxildir. Fondun himayəsində yaradılan, 7 ölkəni – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan və Macarıstanı təmsil edən xanım musiqiçilərdən ibarət “Yeddi Gözəl” musiqi qrupunun konserti da proqramda yer alıb.

“Fond tərəfindən göstərilən bu təşəbbüsün məqsədi bu gün azad olan Şuşanın – Qarabağın tarixi və mədəni irsinin tanıdılması ilə yanaşı, həm də Türkiyə və Azərbaycan arasında mədəni əlaqələrin daha da dərinləşdirilməsi, türk xalqlarının daha da yaxınlaşması, onların həmrəyliyinin gücləndirilməsidir”, – deyə Günay Əfəndiyeva bildirib.

***

Bursada keçirilən Şuşa Günlərində iki qədim şəhər görüşdü, birləşdi. Bu, iki şanlı keçmişin, şanlı tarixin, zəfərlərin vəhdətidir. Bu təşəbbüs vaxtilə Ulu öndərimiz Heydər Əliyev tərəfindən söylənilən və artıq kəlama çevrilən “Bir millət, iki dövlət” fəlsəfəsinin bariz nümunəsidir.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva bu fikirləri Bursada AZƏRTAC-a müsahibəsində bildirib.

O deyib: “İlk dəfə olaraq Azərbaycandan kənarda, bizim doğma Türkiyəmizdə Şuşa Günləri keçirilir. Bu günlərin 2022-ci il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilən Bursada təşkil olunması da xüsusi əhəmiyyət kəsb edir. Bursada Şuşa Günlərinin keçirilməsi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun bir təşəbbüsüdür. Çox qürurverici haldır ki, bu təşəbbüs Türk Dövlətləri Təşkilatının Səmərqənd Zirvə görüşündə qəbul olunan bəyannaməsində də öz əksini tapıb. Burada keçirilən tədbirlərin məqsədi Qarabağın mədəniyyətini, Şuşanın mədəni irsini dünyaya tanıtmaqdır. Biz artıq bu coşqunu, bu gözəlliyi 2023-cü ildə Şuşada görəcəyik”.