Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Elmi şurasının qərarı ilə “İzahlı yeni terminlər lüğəti”nin üçüncü cildi nəşr olunub.

Bu barədə AMEA-dan məlumat verilib. Bildirilib ki, lüğətdə elm və texnikanın müxtəlif sahələrində işlənən 2 min yeni termin toplanıb. Hər bir terminin etimologiyası və geniş izahı verilib.

Kitabın elmi redaktoru akademik Möhsün Nağısoylu və professor Mahirə Nağıyevadır. Lüğətin tərtibçisi filologiya elmləri doktoru, professor Sayalı Sadıqovadır.

***

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun hazırladığı “Şuşa torpağında doğulan dilçi alim Yusif Vəzir Çəmənzəminli” kitabı çap olunub.

İnstitutdan bildirilib ki, kitabda Azərbaycanın görkəmli ziyalısı, ictimai-siyasi xadim, yazıçı və alim Yusif Vəzir Çəmənzəminlinin (1887-1943) dilçilik görüşlərini, lüğətçilik fəaliyyətini özündə əks etdirən əsərləri, əlyazmaları toplanıb. Əlyazmaların fotofaksimilesi kitaba əlavə olunub. Ədibin müxtəlif əsərlərindən doğma şəhəri Şuşa barədə və dil haqqında elmi-ədəbi mülahizələri, dəyərli sözləri də seçilərək ayrıca təqdim edilib.

Yusif Vəzir Çəmənzəminlinin anadan olmasının 135 illiyi və “Şuşa İli”nə həsr olunmuş kitabın elmi redaktoru professor Nadir Məmmədlidir.

Kitabı nəşrə hazırlayan, transfoneliterasiya və tərtib edən, ön söz və qeydlərin müəllifi institutun Terminologiya şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəlalə Hümmətlidir.