Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi əsasında bu il Azərbaycan istiqlal şairi Əhməd Cavadın (1892-1937) 130 illiyi münasibətilə Özbəkistandakı silsilə tədbir və layihələr həyata keçirilir.

Bu tədbirlər çərçivəsində AMM-nin təşəbbüsü ilə Özbəkistan Xalq Çalğı Alətləri Orkestri xüsusi konsert proqramı hazırlayıb.

Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində keçirilən konsertdən öncə rektor Abduqappar Qırğızboyev çıxış edərək türk dövlətləri arasında günü-gündən güclənən əlaqələr, soykökü, dili, dini, mədəniyyəti, adət və ənənələri eyni olan xalqlarımız arasında əməkdaşlıq haqqında fikirlərini bölüşüb. Rektor konsert proqramının Azərbaycan, Özbəkistan və Türkiyənin istiqlal şairləri, milli himnlərimizin sözlərini yazmış Əhməd Cavad, Abdulla Aripov, Mehmet Akif Ersoya həsr olunduğunu bildirib.

Daha sonra çıxış edən AMM-nin direktoru Samir Abbasov bu il Azərbaycanın böyük şairi Əhməd Cavadın 130 illiyinin geniş şəkildə qeyd olunduğunu diqqətə çatdırıb. O, Əhməd Cavad, Abdulla Aripov və Mehmet Akif Ersoyun yaradıcılıqları arasında oxşar xüsusiyyətlərin olduğunu qeyd edərək, bütün həyatları boyunca istiqlaliyyətimizə sadiq qalan, milli mücadiləyə dəstək verən bu fədai ziyalılarımızla hər bir vətəndaşımızın fəxr etməli olduğunu bildirib.

Türkiyənin Özbəkistandakı Səfirliyinin katibi Buğra Doğan, Ankaradakı Türk Tarixi və Mədəniyyəti Fondunun rəhbəri Nizamettin Aykurt dostluq konserti ideyasını yüksək qiymətləndirərək, layihəyə görə Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkürlərini bildiriblər.

Konsert proqramında əvvəlcə Özbəkistan Dövlət Konservatoriyasının Xor kapellası Özbəkistan, Azərbaycan və Türkiyənin himnlərini ifa edib.

Özbəkistan Xalq Çalğı Alətləri Orkestrinin ifasında Əhməd Cavadın “Can Azərbaycan”, “Çırpınırdın, Qara dəniz”, “Şükriyyə”, “Lalələr”, Abdulla Aripovun “Men nechun sevaman O‘zbekistonni”, “Uluğumsan Vatanim”, habelə Mehmet Akif Ersoyun şeirlərinə yazılmış mahnılar səslənib. Özbəkistanın Əməkdar artisti Firuza Abduraximovanın dirijorluğu ilə keçirilən konsertin solistləri özbək sənətçilər, beynəlxalq müsabiqələr laureatları Laziz Usmanov, Otabek Nazarov, Qəhrəman Bazarov, Sancar Qadırov, Bozorbek Xolmuminov olub.