Məlumat verildiyi kimi, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tarix-mədəniyyət abidələrinə mühafizə lövhələrinin vurulması ilə bağlı layihəyə başlayıb. Layihənin məqsədi abidələrin mühafizəsi, bu sahədə maarifləndirmənin təmin edilməsidir.

İlkin olaraq Bakı şəhərinin tarixi mərkəzini də xeyli dərəcədə əhatə edən Səbail rayonunun prospekt və küçələrindəki 252 tarix-memarlıq abidəsinə mühafizə lövhələrin vurulması nəzərdə tutulur.

Artıq Azadlıq və Neftçilər prospektləri, Xəqani, Üzeyir Hacıbəyli, Zərifə Əliyeva, Yusif Məmmədəliyev, Hacı Zeynalabdin Tağıyev, Əbdülkərim Əlizadə, Rəsul Rza və Səməd Vurğun küçələrində yerləşən tarixi tikililərə mühafizə lövhələri quraşdırılıb və bu iş davam edir.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli bildirib ki, mühafizə lövhələrinin vurulması Səbail Rayon İcra Hakimiyyətinin müvafiq strukturları ilə birgə həyata keçirilir.

Mühafizə lövhələrində yer alan bütün məlumatlar qanunvericiliyin tələblərinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 saylı Qərarı ilə təsdiq olunmuş məlumatlar əsasında hazırlanır. Mühafizə lövhələrinin vurulması başa çatdıqdan sonra görülmüş işlər təftiş olunacaq, layihənin nəticələri, keyfiyyətli icrası və səmərəlilik əmsalı müəyyən ediləcək. Layihənin yekunları haqqında məlumatların açıqlanması üçün media, ictimaiyyət və elm dairələrinin nümayəndələrinin iştirakı ilə mətbuat konfransının keçirilməsi də planlaşdırılır.

“Bu layihənin icrası boyunca dəstək göstərən media və elm dairələrinin nümayəndələrinə təşəkkürümüzü bildiririk. Dövlət Xidməti bundan sonra da tarixi abidələrimizin daha layiqli səviyyədə mühafizəsini təmin edəcək, Bakının memarlıq irsinin nə qədər zəngin olduğunun nümayiş olunması istiqamətində tədbirlər həyata keçirəcək. Bir daha bütün vətəndaşlarımızı da tarix-mədəniyyət abidələrimizin mühafizəsinə dəstək göstərməyə çağırırıq”, – deyə mətbuat katibi bildirib.