“Türk dünyasının mədəniyyət paytaxtı” missiyasını növbəti il üçün Şuşa şəhərinə təhvil verən Türkiyənin Bursa şəhərində keçirilən Şuşa Günləri çərçivəsində dekabrın 9-da “Yeddi gözəl” musiqi qrupunun konserti təşkil edilib.

Konsert proqramı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Bursa Böyükşəhər Bələdiyyəsinin birgə təşkilatçılığı ilə gerçəkləşib.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən yaradılan musiqi qrupu Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, eləcə də Macarıstan olmaqla yeddi ölkəni təmsil edən qadın musiqiçilərdən ibarətdir. Qrupun dirijoru və solisti Azərbaycanın Əməkdar artisti, bəstəkar və pianoçu Turan Manafzadədir.

Konsert proqramında türkdilli xalqların musiqiləri ilə yanaşı, Turan Manafzadənin ifasında Azərbaycanın milli mahnıları da səslənib.

Xatırladaq ki, qrup ilk çıxışını bu il noyabrın 11-də Səmərqənddə, Türk Dövlətləri Təşkilatının XI Zirvə görüşü çərçivəsində türkdilli ölkələrin birinci xanımları üçün edib.

Proqram tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Konsertdən sonra Günay Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu adından qrup üzvlərinə xüsusi plaketlər təqdim edib.