Reza Deqatinin “Azərbaycanın incisi Şuşa” sərgisi Bursada nümayiş olunub

 

Xəbər verdiyimiz kimi, 8-9 dekabr tarixlərində Bursada keçirilən Şuşa Günləri çərçivəsində məşhur fotoqraf Reza Deqatinin Qarabağ mədəniyyətini əks etdirən “Azərbaycanın incisi Şuşa” adlı sərgisi də açılıb.

Sərgi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Bursa Böyükşəhər Bələdiyyəsinin birgə təşkilatçılığı ilə gerçəkləşib.

Bursa Böyükşəhər Bələdiyyəsinin başqanıi Alinur Aktaş, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, ölkəmizin İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un baş katibi Sultan Raev, Bursa valisi Yakup Canbolat və digərləri sərgiyə baxıblar.

Günay Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu adından Reza Deqatiyə təşəkkür plaketi təqdim edib.

Sərgidə fotoqrafın Şuşada işğaldan (1992, may) əvvəl və sonra çəkdiyi 60 foto nümayiş olunur.

“Şuşa nisgili daima mənim ürəyimdə yaşayırdı, ruhum Şuşada qalmışdı. Şuşanı dünyaya göstərmək istəyirdim. Şükürlər olsun ki, bu arzuma çatdım”, – deyə Reza Deqati Bursada jurnalistlərə açıqlamasında bildirib.

“Azərbaycanın incisi Şuşa” fotosərgisi haqqında danışan fotoqraf deyib: “Bursa bu il “Türk dünyasının mədəniyyət paytaxtı”dır. Bu adın qarşıdan gələn il üçün Şuşaya təhvil verilməsindən çox qürurluyam. Otuz illik zəhmətimi məhz belə bir mərasimdə nümayiş etdirə bildiyim üçün çox xoşbəxtəm və bununla fəxr edirəm. Burada tədbirə gələnlər, o cümlədən türk dövlətlərinin çoxsaylı nümayəndələri sərgiyə baxaraq Şuşa ilə yaxından tanış oldular. Əminəm ki, gələn il bütün bu qonaqlar Şuşada bir daha mənim sərgimə baxacaqlar. Şuşanı dünyaya çatdırmaq bizim borcumuzdur, gərək bütün dünya bu cazibədar gözəlliyi görsün və tanısın. Mən bu işi görməyi özümə borc bildim...”.

Xatırladaq ki, məşhur fotoqraf 1992-ci ilin aprelində, Şuşanın erməni qüvvələri tərəfindən işğal olunmasından bir neçə həftə əvvəl şəhərdə fotolar çəkib. Reza Deqati 29 il sonra Şuşaya qayıdaraq şəhərdə gördüklərini yenidən fotokameranın yaddaşına köçürüb. Erməni vandalizminə məruz qalan Şuşanın viran edilmiş vəziyyəti Reza Deqatinin müqayisəli fotoşəkilləri ilə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb.