Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük zalında Nəsimi Rayon İcra Hakimiyyəti və BMA-nın birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Nəsimi rayonunun icra başçısı Asif Əsgərov, BMA-nın rektoru Xalq artisti, professor Fərhad Bədəlbəyli, millət vəkilləri, ziyalılar, ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər iştirak ediblər.

Öncə Dövlət himni səsləndirilib, Ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri açan Fərhad Bədəlbəyli Heydər Əliyevin böyük xilaskarlıq rolundan, müasir müstəqil dövlətimizin qurulmasında müstəsna xidmətlərindən danışıb və onun mədəniyyət işçilərinə həmişə diqqət və qayğı göstərdiyini vurğulayıb.

Nəsimi rayonunun icra başçısı Asif Əsgərov Heydər Əliyevin zəngin siyasi irsi və dövlət idarəçiliyi təcrübəsindən danışaraq müdrik rəhbərin mədəniyyət sahəsinin inkişafına xüsusi əhəmiyyət verdiyini bildirib.

Sonra Bakı Kamera Orkestrinin ifasında musiqi nömrələri təqdim olunub. Qara Qarayevin "Matəm odası" və Fikrət Əmirovun "Nizami" simfoniyası maraqla qarşılanıb. Orkestrin bədii rəhbəri Xalq artisti Fərhad Bədəlbəyli, direktoru Xalq artisti, professor Yeganə Axundova, baş dirijoru Əməkdar artist Fuad İbrahimovdur.