Dekabrın 12-də Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Heydər Əliyev – müstəqil Azərbaycanın qurucusu və memarı” adlı tədbir təşkil edilib.

Kitabxananın direktoru Aslan Cəfərov çıxışına Prezident İlham Əliyevin “Ulu öndər Heydər Əliyevin həyatı və fəaliyyəti bir fədakarlıq nümunəsidir. Onun mirası bugünkü müstəqil Azərbaycandır” sözləri ilə başlayıb. Bildirib ki, Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, fenomen, bənzərsiz dahi şəxsiyyətdir. Bütün həyatını xalqının azad, firavan, xoşbəxt həyatına və qüdrətli Azərbaycan dövlətinin yaradılmasına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısında misilsiz xidmətləri var. Müstəqil ölkəmizin bugünkü nailiyyətləri və şanlı Qələbəsi Heydər Əliyev strategiyasının təntənəsidir.

Kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva, Metodiki təminat və layihələrlə iş şöbəsinin müdiri Tamella Məmmədova, Kitabxana işinin avtomatlaşdırılması və rəqəmsallaşdırma şöbəsinin müdiri Səadət Şəfiyeva, İnformasiya təminatı və media ilə iş şöbəsinin müdiri Günay Həsənova müasir Azərbaycanın Ulu öndər tərəfindən yaradılan fundamental təməl üzrə ucaldığını, beynəlxalq arenada nüfuzlu mövqe tutduğunu, qalib ölkə adını qazandığını bildiriblər. Tədbirdə kitabxana əməkdaşları tərəfindən Heydər Əliyevin anım günü münasibətilə dahi liderin həyat və fəaliyyətinə həsr olunmuş virtual kitab sərgisi nümayiş etdirilib.

Virtual sərgidə dünya şöhrətli siyasətçinin siyasət meydanına gəlişindən, müstəqil Azərbaycanın quruculuğu sahəsində misilsiz fəaliyyətindən bəhs edilir. Materialda “Xalqın xilaskarı”, “Fəxr edirəm ki, azərbaycanlıyam”, “Heydər Əliyev və Hüseyn Cavid”, “Ulu öndər Heydər Əliyev və Azərbaycanın kitab mədəniyyəti”, “Heydər Əliyev və nitq mədəniyyəti”. “Heydər Əliyev və Nizami Gəncəvi”, “Mahir siyasətçi, müdrik rəhbər” kimi çox sayda kitabın biblioqrafik təsviri təqdim edilir.