Dekabrın 12-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Ümummilli lider Heydər Əliyevin vəfatının 19-cu ildönümünə həsr olunan tədbir keçirilib.

Ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra kitabxananın direktoru Şəhla Qəmbərova tədbiri açaraq Heydər Əliyevin həyat yolu və siyasi fəaliyyəti haqqında geniş məlumat verib.

Bildirilib ki, Heydər Əliyevin azadlığını yeni əldə etmiş Azərbaycanın rəhbərliyinə qayıdışının başlıca məqsədini müstəqilliyin qorunub saxlanılması, dövlətçiliyin möhkəmləndirilməsi və azərbaycançılıq ideyasının inkişaf etdirilməsindən ibarət idi. Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynayıblar. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev də müasir dünya tarixinə böyük şəxsiyyət, qeyri-adi zəka sahibi, müdrik dövlət xadimi kimi düşüb.

Direktor qeyd edib ki, bu gün ölkəmiz Heydər Əliyevin siyasi xətti ilə inamla inkişaf edir. Ulu öndərimizin layiqli siyasi varisi Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən uğurların əsasında da Heydər Əliyevin dövlətçilik ənənələri dayanır. Kitabxananın əməkdaşı Cavidan Səfərli deyib ki, ölkəmizdə mədəniyyətin elə bir sahəsi yoxdur ki, Heydər Əliyev qayğısından bəhrələnməsin. O, həmçinin Prezident İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsinin əhəmiyyətini yüksək qiymətləndirib.

Çıxışlardan sonra Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş olunub. Sonda Ulu öndərin həyat və fəaliyyətinin müxtəlif mərhələlərini əks etdirən nəşrlərdən ibarət sərgiyə baxış keçirilib.