Dekabrın 12-də Türkiyənin paytaxtı Ankara şəhərində Ümummilli lider Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə əlaqədar tədbirlər keçirilib.

Öncə Ankaradakı Heydər Əliyev Parkında Ulu öndərin anım mərasimi təşkil olunub. Mərasimdə Ölkəmizin Türkiyədəki səfiri Rəşad Məmmədov, Azərbaycan Milli Məclisi Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Xarici əlaqələr bölməsinin rəhbəri Mehmet Ceylan, digər deputatlar, ziyalılar, qardaş ölkədə hərbi təhsil alan kursantlarımız, ictimaiyyət nümayəndələri iştirak ediblər. Heydər Əliyevin parkdakı abidəsi önünə əklillər və qərənfillər qoyulub, Ulu öndərin əziz xatirəsi yad olunub.

Sonra anım tədbiri Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondundakı (TADİV) “Şuşa” Konqres Mərkəzində davam edib. Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla anılıb və iki ölkənin himnləri səsləndirilib.

Giriş nitqi söyləyən TADİV-nin rəhbəri Aygün Əttarbildirib ki, müasir Azərbaycanın qurucusu Heydər Əliyev zamanın fövqündə duran dahi şəxsiyyət olub, onun “Bir millət, iki dövlət” fikri Türkiyə-Azərbaycan münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsində xüsusi əhəmiyyət daşıyır.

Səfir Rəşad Məmmədov deyib ki, Ulu öndər Heydər Əliyev müasir Azərbaycanın memarı olmaqla yanaşı, bugünkü Azərbaycanın müdafiə və hərbi sənaye sahəsindəki uğurlarında Türkiyənin göstərdiyi dəstəyin təməlini qoyan şəxsiyyətdir.

Millət vəkili Əhliman Əmiraslanov bildirib ki, 1993-cü ildə Heydər Əliyev siyasi hakimiyyətə qayıtması ərəfəsində Azərbaycanın xarici əlaqələrində və daxilində ciddi siyasi böhran yaşanırdı və Ulu öndərin müdrik siyasəti sayəsində ölkədə sabitlik bərqərar oldu. Ə.Əmiraslnaov onu da qeyd edib ki, o zaman azərbaycanlı tələbələrin Türkiyədə təhsil almasında Heydər Əliyevin önəmli rolu olub ki, həmin tələbələr bu gün yüksək dairələrdə Azərbaycan-Türkiyə münasibətlərində əhəmiyyətli rol oynayırlar.  

Milli Məclisin deputatı Hikmət Məmmədov, AKP-nin Xarici əlaqələr bölməsinin rəhbəri Mehmet Ceylan və digər çıxışçılar Heydər Əliyevin çoxcəhətli fəaliyyətlərini müxtəlif aspektlərdən səciyyələndiriblər.  

Çıxışlardan sonra “Qardaşlıqdan müttəfiqliyə gedən yolda Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsinin rolu” adlı simpozium keçirilib. Türkiyə və Azərbaycandan olan elm adamlarının iştirakı ilə Heydər Əliyevin həyatı və siyasi fəaliyyətindən, Türkiyə-Azərbaycan münasibətlərinin təməlinin güclənməsindəki rolundan bəhs edilib. “Qardaşlıqdan müttəfiqliyə gedən yolda Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsinin rolu” adlı panel keçirilib. Ankara Hacı Bayram Vəli Universitetinin dekanı professor Zakir Avşarın moderatorluğu ilə Giresun Universitetinin Xarici əlaqələr bölməsinin rəhbəri professor Yalçın Sarıkaya, Türkiyə Prezident yanında Təhlükəsizlik və Xarici Əlaqələr Şurasının üzvü professor İsmail Safi, Diplomatiya Fondunun rəhbəri dosent Oğuzhan Bilgin, “SOCAR Türkiye”nin Kommunikasiya və dövlətlə əlaqələr departamentinin rəhbəri Mikayıl Yusifov və başqaları çıxış ediblər.

“Beynəlxalq münasibətlər perspektivindən Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin formalaşmasında rolu” mövzusunda danışan Yalçın Sarıkaya bildirib ki, 1918-ci ildə müstəqil Azərbaycanın qurucuları Məhəmməd Əmin Rəsulzadə və silahdaşlarının ucaltdıqları bayraq Heydər Əliyevin yüksək iradəsi və uzaqgörən siyasəti ilə bir daha enməz oldu.

Azərbaycan tarixinin Türkiyədə hələ də kifayət qədər öyrənilmədiyini vurğulayan Yalçın Sarıkaya Heydər Əliyevin sovetlər dönəmində Azərbaycanda məqsədli şəkildə türkçülüyün məhvinə yönəlmiş planların qarşısını aldığını deyib: “Heydər Əliyevin əzmi və mübarizəsi bu fürsəti o planı quranların əlindən aldı. Bundan başqa, Heydər Əliyev sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə öz prinsipiallığı, səriştəsi və dərin biliyi sayəsində ölkəsini Sovet İttifaqının ən qabaqcıl respublikaları sıralarına çıxardı”.

Qeyd olunub ki, Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Azərbaycanda ombudsmanlıq institutunun qurulmasında, torpaq islahatlarında, təhsil sahəsində, 1997-ci ildə Azərbaycanla Türkiyə arasında müdafiə və hərbi sənaye sahəsində bağlanan müqavilədə, xarici əlaqələrin inşasında, neft kontraktlarının bağlanmasında son dərəcə önəmli xidmətləri olub.

İsmayıl Safi “Türkiyə-Azərbaycan əlaqələrində Heydər Əliyev şəxsiyyətinin rolu”, Oğuzhan Bilgin “Heydər Əliyev və Naxçıvandan türk dövlətləri təşkilatına gedən yol”, Mikayıl Yusifov “Azərbaycanın enerji siyasətində Heydər Əliyevin rolu” mövzuları dinlənilib.

Türkiyəli tələbələr Heydər Əliyevin həyatı və siyasi fəaliyyətindən, Türkiyə-Azərbaycan münasibətlərinin təməlinin gücləndirilməsindəki rolundan bəhs ediblər, onların Heydər Əliyev haqqında hazırladıqları videomateriallar nümayiş etdirilib.

Mehparə Sultanova
Ankara