Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) əslən yakut olan rusiyalı rəssam Anna Zverevanın Yeni il öncəsi virtual sərgisini hazırlayıb.

Rəssam, ənənəvi yakut əl sənətləri ustası, etnopedaqoq Anna Zvereva 10-dan çox kitab, albom, kataloq və təsviri incəsənətlə bağlı dövri nəşrlərdə dərc olunan 200-dən çox məqalənin, həmçinin televiziya və radio verilişlərinin müəllifidir. Rusiya Federasiyası Saxa Yakutiya Respublikasının Xalq rəssamıdır. A.Zvereva geyim modellərindən mozaika qobelenlərinə qədər müxtəlif sahələrdə və janrlarda işləyir. Onun avanqard axtarışları dünya miqyasında tanınır yeni bir janr olan toxuculuq mozaikasının yaradılmasına səbəb olub.

Rusiya Rəssamlar və Jurnalistlər ittifaqlarının üzvü olan A.Zvereva "Rus ədəbiyyatına sədaqətli xidmətə görə" A.P.Çexov medalına layiq görülüb. Rəssam 1991-ci ildə Yakutiya Milli İncəsənət Muzeyinin bazasında respublikada ilk yakut xalq sənətkarlığı yaradıcılıq studiyasını açıb. Yakutiya ərazisində onun üç müəllif məktəbi fəaliyyət göstərir, rəssamın tələbələrinin arasında Rusiya Rəssamlar İttifaqının üzvləri, sənət ustaları, Rusiya və beynəlxalq rəsm sərgilərinin laureatları var.