Dekabrın 12-də Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) xalqımızın Ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin vəfatının 19-cu ildönümünə həsr olunmuş iclas keçirilib.

İttifaqın katibi, Əməkdar incəsənət xadimi Zemfira Qafarova çıxış edərək Azərbaycan xalqı və dövləti qarşısında tarixi xidmətləri ilə hələ sağlığında ümumxalq sevgisi qazanmış Heydər Əliyevin xatirəsinə bəstəkarlarımız tərəfindən çoxlu əsərlərin ithaf olunduğunu deyib. Bildirib ki, Cövdət Hacıyev, Arif Məlikov, Musa Mirzəyev, Tofiq Bakıxanov, Firəngiz Əlizadə, Azər Dadaşov, Vasif Allahverdiyev, Sərdar Fərəcov, Oqtay Rəcəbov və digərləri Heydər Əliyevə simfonik əsərlər həsr ediblər. Ulu öndərin xatirəsinə kantata, oda və mahnılar da ithaf olunub.

ABİ-nin katibi Əməkdar incəsənət xadimi Cəlal Abbasov vurğulayıb ki, yaradıcılıq ittifaqı 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunmasını ürəkdən alqışlayır. Bu, Azərbaycanın mədəni həyatı üçün də ən əlamətdar hadisələrdən biridir. Hər il ABİ-də Heydər Əliyevə həsr olunmuş yeni əsərlər dinlənilir və müzakirə olunur. Cəlal Abbasov ABİ-nin üzvlərini “Heydər Əliyev İli”ndə bu mövzuda yüksək bədii səviyyəli yeni musiqi əsərləri yaratmağa səsləyib.