Dekabrın 12-də müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, dünya şöhrətli siyasi xadim, Ümummilli lider Heydər Əliyevin (1923-2003) vəfatının 19-cu ildönümü tamam oldu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabana gələrək Heydər Əliyevin məzarını ziyarət ediblər.

Prezident İlham Əliyev Ulu öndərin məzarı önünə əklil qoyub. Azərbaycanın Dövlət Himni səsləndirilib.

Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyublar.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.

***

Ulu öndərin anım günündə Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, digər dövlət və hökumət rəsmiləri, ictimaiyyət nümayəndələri Fəxri xiyabanda Ulu öndərin məzarını ziyarət ediblər.

Mədəniyyət Nazirliyinin kollektivi də böyük dövlət xadimi, mədəniyyətimizin himayədarı Heydər Əliyevin məzarını ziyarət edib.

Mədəniyyət naziri Anar Kərimov, nazirin birinci müavini Vaqif Əliyev, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev,  Mədəniyyət Nazirliyi Aparatının rəhbəri Vüqar Məmmədov və nazirliyin əməkdaşları Fəxri xiyabanda Heydər Əliyevin məzarüstü abidəsinin önünə gül dəstələri qoyub, əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Ümummilli liderin ömür-gün yoldaşı, Azərbaycan səhiyyəsinin inkişafında müstəsna xidmətləri olan görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri qoyulub. Ziyarət zamanı, həmçinin tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.