Xəbər verildiyi kimi, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qanunsuz istismarına etiraz əlaməti olaraq Azərbaycanın qeyri-hökumət təşkilatlarının təmsilçiləri, ekoloqlar, fəallar və könüllülərin iştirakı ilə dekabrın 12-də Laçın-Şuşa yolunda dinc aksiya başlanıb.

Dekabrın 13-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev xarici işlər nazirinin müavini Elnur Məmmədovla birgə Bakıdakı xarici diplomatik korpusun nümayəndələrini Laçın-Şuşa yolundakı vəziyyət barədə məlumatlandırıb.

Hikmət Hacıyev görüşdə diqqətə çatdırıb ki, Azərbaycanın faydalı qazıntı yataqları işğal altında olduğu müddətdə qanunsuz istismar edilib. “Qızılbulaq” və “Dəmirli” faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarı bu gün də davam edir. Son vaxtlar faydalı qazıntı yataqlarının yerləşdiyi ərazidə yük maşınlarının keçidinin intensivləşdiyi müşahidə olunub. Bu məsələ Azərbaycanın müvafiq dövlət qurumları tərəfindən monitorinq aparılaraq araşdırılıb.

3 dekabr tarixindən etibarən aidiyyəti qurumların mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlarla bağlı sülhməramlı kontingentin komandanlığı ilə danışıqlar aparıblar. Əldə edilmiş razılığa uyğun olaraq, 10 dekabr tarixində faydalı qazıntıların qanunsuz istismar olunduğu bu iki əraziyə Azərbaycan nümayəndələrinin səfər etmək cəhdinə baxmayaraq, bu səfərə maneçilik törədilib.

Prezidentin köməkçisi qeyd edib ki, eyni zamanda bu məsələlər Azərbaycan cəmiyyətində ciddi narazılıqlara səbəb olub. Rusiya sülhməramlılarının komandanı ilə bu xüsusda əlaqə saxladıqlarını, müvafiq məktublar göndərildiyini bildirən Hikmət Hacıyev deyib: “Azərbaycanın suverenliyi ilə bağlı məsələlər cəmiyyətimizdə ciddi narahatlıq doğurur. Buna görə də Azərbaycanın vətəndaş cəmiyyətinin fəalları, qeyri-hökumət təşkilatlarının nümayəndələri, digər fəallar və qruplar Şuşa-Xankəndi-Laçın yolunun kəsişməsində toplaşaraq etirazlarını bildirirlər”.

Diplomatik korpus nümayəndələrinin diqqətinə çatdırılıb ki, etirazçıların söylədikləri fikirlər bütün hüquqi çərçivələrə uyğundur. Onlar qanuni tələblər irəli sürürlər, qeyri-qanuni heç nə istəmirlər. Onlar Qarabağda ekoloji terrora son qoyulmasını tələb edirlər.

Hikmət Hacıyev onu da vurğulayıb ki, Laçın yolu azərbaycanlı etirazçılar tərəfindən deyil, Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb: “Ermənistan tərəfinin guya Laçın yolunun bağlanması, bölgədə humanitar fəlakət yaşanması barədə iddialarını da qətiyyətlə rədd edirik”.