Biz həmişə bilirdik bizim nə qədər ehtiyatımız var. Ümid edirəm ki, qazmaya başlayanda “Azəri-Çıraq-Günəşli”də olduğu kimi, bu yataq da böyüyəcək. Bütün infrastrukturun, daşıma infrastrukturunun hazır olduğunu nəzərə alaraq hesab edirəm ki, mümkün olduğu qədər çox hasil etmək üçün səy göstərmək baxımından, Azərbaycan xalqına və beynəlxalq tərəfdaşlarımıza xidmət göstərmək üçün bu, həqiqətən də, tarixi fürsətdir.

Prezident İlham Əliyev bu sözləri dekabrın 13-də Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda “Azəri-Mərkəzi-Şərqi” platformasının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edərkən deyib.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti – SOCAR-ın prezidenti Rövşən Nəcəf dövlətimizin başçısına layihə üzrə görülən işlər barədə məlumat veriblər, videoçarx nümayiş olunub.

Bildirilib ki, “Azəri-Mərkəzi-Şərqi” layihəsi üzrə yekun investisiya qərarı 2017-ci ildə “Azəri-Çıraq-Günəşli” (AÇG) üzrə Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) 2049-cu ilə qədər uzadılmasından sonra AÇG tərəfdaşlarının ilk böyük investisiya qərarıdır. Dəyəri 6 milyard dollar olan layihəyə yeni dəniz platforması və gündəlik 100 min barelədək hasilat gücündə digər qurğular daxildir. Layihənin istismar müddəti ərzində, ümumilikdə, 300 milyon barelədək neft hasil olunacağı proqnozlaşdırılır.

Layihə çərçivəsində dənizdə suyun dərinliyi təxminən 140 metr olan sahəsində, “Mərkəzi Azəri” və “Şərqi Azəri” platformalarının arasında 48 şaxtadan ibarət yeni hasilat, qazma və yaşayış platforması quraşdırılacaq. Layihəyə, həmçinin yataqdaxili yeni sualtı boru kəmərləri də daxildir. Bu xətlər platformadan hasil ediləcək neft və qazın Səngəçal terminalına ötürülməsi üçün mövcud AÇG “Faza 2” sualtı ixrac kəmərlərinə qoşulacaq. Yeni platformanın dayaq blokunun çəkisi 16 min ton, hündürlüyü 153 metrdir. Dayaq bloku suyun 137 metr dərinliyində quraşdırılacaq.

Məlumatları dinləyən dövlət başçısı vaxtilə Ulu öndər Heydər Əliyevin səyləri ilə yaradılmış Bakı Dərin Özüllər Zavodunda belə nəhəng qurğuların hazırlanmasını Azərbaycan üçün böyük nailiyyət kimi qiymətləndirib: “Bir neçə gün əvvəl “Akademik Xoşbəxt Yusifzadə” tankerini istismara verərkən, biz faktiki olaraq bütün gələcəyimizə, neft-qaz layihələrinə mühüm töhfə vermiş bu ərazinin, zavodun keçmişi ilə bağlı xatirələrimizi bölüşdük. Çünki əgər o, 1970-1980-ci illərin sonunda yaradılmasaydı, hasilata başlamaq daha çox vaxt aparardı”.

Prezident İlham Əliyev, SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə və BP-nin regional prezidenti Qəri Counz dayaq blokunun dənizə yola salınmasını bildirən düyməni basıblar.

Sonra Prezident İlham Əliyev bir müddət əvvəl təltif etdiyi Qəri Counza “Dostluq” ordenini təqdim edib.

Dövlət başçısı BP-nin regional prezidentinə xitabən deyib: “Siz buna, həqiqətən, layiqsiniz. Bu, sizin Azərbaycanın neft-qaz sənayesinin inkişafına verdiyiniz mühüm töhfəniz, dostluğunuz və Azərbaycanın yaxşı sakini olduğunuza görədir. Siz demək olar ki, vətəndaşımızsınız və xalqımızın təməl ehtiyaclarını anlayırsınız. Bizimlə Şuşaya səfər etdiyinizə və bütün heyətinizin gördüyü işlərə görə sizi məmnuniyyətlə təltif etdim. Təltif sentyabrın 19-da olub, ancaq mən fürsət gözləyirdim və zənnimcə, bu gün əla gündür”.

Bu təltifin onun üçün böyük şərəf olduğunu deyən Qəri Counz öz adından və bütün BP heyəti adından Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.