Dekabrın 14-də Heydər Əliyev Sarayının fəaliyyətə başlamasının 50-ci ildönümü  tamam olub.

Bu münasibətlə Heydər Əliyev Sarayının rəhbərliyi və əməkdaşları Fəxri xiyabana gələrək Ümummilli lider, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət edilib, xatirəsi ehtiramla anılıb.

Sonra Şəhidlər xiyabanına gələn Heydər Əliyev Sarayının kollektivi ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyublar.

Paytaxtımızın memarlıq simasında xüsusi yeri olan Heydər Əliyev Sarayı ölkənin baş səhnəsi, əsas konsert salonudur. Sarayın tikintisi Heydər Əliyevin qayğısı nəticəsində reallaşıb. Saray 1972-ci il dekabrın 14-də öz qapılarını tamaşaçıların üzünə açıb. 2004-cü ildən öz qurucusunun adını daşıyır. İllər boyu ictimai-siyasi, mədəni-kütləvi tədbirlərə ev sahibliyi edən, Azərbaycan xalqının həyatında önəmli hadisələri, tədbirləri səhnəsindən geniş tamaşaçı kütləsinə çatdıran Heydər Əliyev Sarayı bu gün də qaynar həyatını yaşayır.