İşğaldan azad edilən Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində düşmənin basdırdığı minanın partlaması nəticəsində şəhid olan gizir Zöhrab Məmməd oğlu Hümbətov torpağa tapşırılıb.

Tovuz rayonunun Aşağı Quşçu kəndində, şəhidin ailəsinin yaşadığı evin qarşısında keçirilən mərasimdə şəhidin yaxınları ilə yanaşı, hərbçi yoldaşları, rəsmi şəxslər, rayon sakinləri iştirak ediblər.

Zöhrab Hümbətovun nəşi Aşağı Quşçu kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dekabrın 14-də Kəlbəcərin Çıraq kəndi ərazisində səkkiz nəfər – təmir-tikinti işləri ilə məşğul olan şirkətin dörd əməkdaşı və təxliyə ilə bağlı hadisə yerinə yollanan dörd hərbçi minaya düşüb. Nəticədə yeddi nəfər, o cümlədən üç hərbçi müxtəlif dərəcəli bədən xəsarətləri alıb, Zöhrab Hümbətov isə həlak olub. 1984-cü il təvəllüdlü Zöhrab Hümbətovun üç övladı var.

***

Qeyd edək ki, dekabrın 15-də bir qrup media təmsilçisinin Kəlbəcərdə mina partlayışlarının baş verdiyi əraziyə səfəri təşkil edilib.

Torpaqlarımızın azad olunması ilə nəticələnən Vətən müharibəsindən ötən 2 ildə 250-dən çox azərbaycanlı mina partlayışları nəticəsində həlak olub və ya ciddi xəsarətlər alıb.

Bu yaxınlarda təkcə Laçın rayonunda müharibənin başa çatmasından sonrakı dövrdə erməni silahlı qüvvələri tərəfindən gizli şəkildə basdırılmış 1400-dən çox mina aşkarlanaraq zərərsizləşdirilib. Kəlbəcər rayonunun Çıraq kəndində də minaların Ermənistan silahlı qüvvələri tərəfindən 2020-ci ilin dekabr ayında basdırılması ehtimal edilir.