MDB-nin Yaradıcı və elmi ziyalılarının XV Forumunda müzakirə olunub

 

MDB-nin iştirakçısı olan dövlətlərin Yaradıcı və elmi ziyalılarının XV Forumu 12-13 dekabrda Özbəkistanın paytaxtı Daşkənddə keçirilib.

“Humanitar əməkdaşlıq: otuz ilin təcrübəsi və inkişafın perspektivləri” adlı forumda Azərbaycandan Mədəniyyət, Elm və Təhsil, Gənclər və İdman nazirliklərini, AMEA-nı təmsil edən nümayəndə heyəti iştirak edib. Forumda “MDB ölkələrinin elm və təhsil ictimaiyyəti”, “MDB-nin ən son mədəni kodu: əməkdaşlığın inkişaf vektorları”, “Birlik ölkələrinin ədəbiyyatı: inteqrasiyanın yeni mexanizmləri”, “Birlik ölkələri gənclərinin əməkdaşlığı” mövzularında müzakirələr aparılıb.

Forum iştirakçıları MDB ölkələrinin xalqları arasında çoxtərəfli humanitar əməkdaşlığın daha da möhkəmləndirilməsi, ümumi mədəni, təhsil və informasiya məkanının inkişaf etdirilməsi, çoxəsrlik mənəvi əlaqələrin qorunub saxlanılması və əməkdaşlığın yeni, səmərəli formalarının axtarışının tərəfdarı olduqlarını bəyan ediblər.

Bu barədə tədbirin yekunlarına dair qətnamədə deyilir.

Qətnamədə MDB məkanında humanitar əməkdaşlığın 30 illik təcrübəsinin, habelə pandemiya və yeni qlobal çağırışlar şəraitində qarşılıqlı fəaliyyətin müzakirəsinin nəticələrinə əsaslanaraq, Birlik ölkələrinin dillərinin, mədəniyyətlərinin, tarixinin, mədəni irsinin və milli adət-ənənələrinin öyrənilməsi və təbliği üçün əməkdaşlığın genişləndirilməsinin zəruriliyi vurğulanır.

 

MDB ölkələri kinostudiyalarının birliyi yaradılacaq

 

Sənəddə qeyd edilir ki, iştirakçılar MDB ölkələrinin kinostudiyalarının Beynəlxalq Yaradıcılıq Birliyinin yaradılması ideyasını dəstəkləyib, eyni zamanda birgə filmlərin istehsalı və yayımı, festivallarda və beynəlxalq kinoforumlarda MDB ölkələrinin ekran əsərlərinin təbliği sahəsində təşəbbüslərin lehinə çıxış ediblər. Qətnamədə teatr, televiziya, incəsənət və digər yaradıcılıq növləri üzrə beynəlxalq yaradıcı kollektivlərin formalaşdırılmasına yönəlmiş yeni layihələrin işlənib hazırlanmasının vacibliyi də göstərilib.

Elm və təhsil sahəsində innovativ informasiya texnologiyalarının tətbiq olunması, ikili diplom proqramlarının genişləndirilməsi, birgə hazırlıq kurslarının, qrant proqramlarının təşkili, Birlik ölkələri təhsil təşkilatların filiallarının qarşılıqlı açılması, gənc alimlərin elmi və tətbiqi işlərinə qrant dəstəyi sisteminin inkişafı ilə bağlı təhsil platformaları və proqramlarına sərbəst çıxışın təşviq edilməsi kimi məsələlər vurğulanıb.

MDB ölkələrinin milli ədəbiyyatlarının təbliği və populyarlaşdırılması, qarşılıqlı nəşrlərin və kitabların tərcümələrinin dəstəklənməsi, kitab sənayesinin inkişafı üzrə birgə iş üsullarının axtarılması, MDB məkanında rus dilinin millətlərarası və mədəniyyətlərarası ünsiyyət dili kimi təbliğ edilməsi də qətnamədə əksini tapıb. Gənclərin əməkdaşlığı sahəsində təhsil, mədəniyyət, elm, sahibkarlıq fəaliyyəti, könüllülər hərəkatının inkişafı sahəsində birgə təşəbbüsləri təşviq etmək, həmçinin gənc nəsildə İkinci Dünya müharibəsində sovet xalqının şücaəti ilə bağlı xatirəni yaşatmaq üçün tədbirləri dəstəkləmək qərara alınıb.

 

Polad Bülbüloğlu növbəti müddətə DHƏF-nin sədri seçilib

 

Forumun gedişində “Birlik ulduzları” dövlətlərarası mükafatı laureatlarının təltif edilməsi mərasimi keçirilib. Builki laureatlar arasında Azərbaycandan Xalq rəssamı, heykəltəraş Natiq Əliyev də olub. Gənc azərbaycanlı memar İlqar Manaflı isə “Debütlər Birliyi” mükafatının laureatı olub.

Mükafatları MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu (DHƏF) İdarə Heyətinin sədri Polad Bülbüloğlu, Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy və Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov təqdim ediblər.

Forum çərçivəsində MDB-nin iştirakçısı olan dövlətlərin Humanitar Əməkdaşlıq Şurası və DHƏF İdarə Heyətinin birgə iclası keçirilib. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu yenidən (növbəti 2 il müddətinə) DHƏF İdarə Heyətinin sədri seçilib.

Qeyd edək ki, MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu 2006-cı ildə yaradılıb. Polad Bülbüloğlu 2010-cu ildən DHƏF-yə rəhbərlik edir. Fondun fəaliyyətinin məqsədi mədəniyyət, təhsil, elm, mədəni irsin qorunması, informasiya və kütləvi kommunikasiyalar, idman, turizm, gənclərin təşəbbüsləri sahəsində birgə tədbirlərin (layihələrin) dəstəklənməsi və həyata keçirilməsi yolu ilə MDB-də ümumi humanitar məkanın və mədəniyyətlərarası dialoqun inkişafına kömək etməkdir.

***

MDB-nin iştirakçısı olan ölkələrin Yaradıcı və elmi ziyalılarının Daşkənddə keçirilən XV Forumu çərçivəsində DHƏF-nin layihəsi olan MDB Gənclər simfonik orkestrinin konserti keçirilib.

Əlişir Nəvai adına Özbəkistan Dövlət Akademik Böyük Teatrında gerçəkləşən konsertdə orkestri Rusiyanın Xalq artisti Sergey Skripka, gənc dirijorlar Murtuza Bülbül (Azərbaycan), Əlibek Kabduraxmanov (Özbəkistan) və Rəsul Klıçov (Türkmənistan) idarə ediblər.

Orkestrin ifasında, Azərbaycan bəstəkarı Qara Qarayev də daxil olmaqla, MDB ölkələrindən bəstəkarların əsərləri səsləndirilib.

Sonra teatrın səhnəsinə Azərbaycanın Xalq artisti Polad Bülbüloğlu çıxıb. O, postsovet məkanında tanınan müəllif əsərlərini ifa edib. Tamaşaçılar onun ifasını alqışlarla qarşılayıblar.