Dekabrın 15-də Tbilisidə Azərbaycan Respublikası və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, Baş nazirlər Əli Əsədov və İrakli Qaribaşvilinin sədrliyi ilə keçirilən iclasda iki ölkənin müvafiq dövlət strukturlarının rəhbərləri iştirak ediblər.

Əli Əsədov açılış nitqində qeyd edib ki, bu il Azərbaycanla Gürcüstan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü tamam olur. Bu illər ərzində iki ölkənin münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Baş nazirin nitqində siyasi, iqtisadi, investisiya, enerji, nəqliyyat, mədəni, humanitar sahələrdə əlaqələrin inkişafından məmnunluq ifadə olunub. Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin vacibliyi qeyd edilib.

Regionlararası əməkdaşlıqdan danışan Əli Əsədov deyib: “Son zamanlar ölkələrimizin ayrı-ayrı şəhər və rayonları arasında təmaslar daha da intensivləşib ki, bu da təbii olaraq Azərbaycan-Gürcüstan əlaqələrinin hərtərəfli inkişafına çox müsbət təsir göstərir”.

Diqqətə çatdırılıb ki, ötən dövrdə və cari ildə iki ölkənin bir sıra şəhər və rayonları, o cümlədən Bakı və Tbilisi arasında qardaşlaşma haqqında sazişlər imzalanıb. Bu müsbət tendensiya nəzərə alınaraq Azərbaycan-Gürcüstan regionlararası forumunun keçirilməsi ilə bağlı təşəbbüs irəli sürülüb.

Enerji sektoru ikitərəfli əməkdaşlığın əsas prioritetlərindən biri kimi qiymətləndirilib. Bildirilib ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi layihələri həm Azərbaycanın, həm də Gürcüstanın iqtisadi inkişafına böyük töhfə verir. Bakı-Tbilisi-Qars dəmiryolunun əhəmiyyəti xüsusi vurğulanıb. Qeyd olunub ki, dəmiryolunun tam gücü ilə işə salınması ölkələrimizin daha da çiçəklənməsinə və iqtisadi tərəqqisinə xidmət edəcək.

Görüşdə Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin bütün istiqamətləri üzrə inkişaf perspektivləri geniş müzakirə olunub.

İclasın yekununda Baş nazirlər Əli Əsədov və İrakli Qaribaşvili tərəfindən Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasının Protokolu imzalanıb.

Müvafiq dövlət strukturlarının rəhbərləri kənd təsərrüfatı, ekologiya, kiçik və orta biznes sahələrində əməkdaşlığın inkişafına dair bir sıra sazişlər imzalayıblar.