Dekabrın 14-də Türkmənbaşı şəhərində Azərbaycan, Türkiyə və Türkmənistan dövlət başçılarının Zirvə görüşü çərçivəsində Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva, Türkmənistan Parlamenti Xalq Məsləhəti sədrinin xanımı Oqulgerek Berdiməhəmmədova və Türkiyənin birinci xanımı Əminə Ərdoğan təsviri və dekorativ sənət əsərlərindən ibarət sərgi ilə tanış olublar.

Türkmənistanın təsviri və dekorativ sənət əsərləri sərgisi 11 bölmədən ibarətdir.

Sərginin bölmələrində türkmən xalqının bütün dünyada məşhur xalça və xalça məhsulları, keşdə üslubunda hazırlanmış milli qadın geyimləri, qadınlar üçün milli zinət əşyaları, o cümlədən üzük, sırğa, bilərzik və digər aksesuarlar, türkmən qadın rəssamlarının əsərləri və əl işləri nümayiş olunur.

Eyni zamanda, sərgidə milli “ume” ayini icra olunub, türkmən təbiətinin gözəlliyini və xüsusiyyətlərini əks etdirən xalçalar təqdim edilib.

Sonra türkmən qızlar folklor mahnıları ifa ediblər, toy adət-ənənələri təqdim olunub. Yerli qadınların hazırladıqları keramika nümunələri, tikmələr, keçə xalçalar qonaqlarda xoş təəssürat yaradıb.

Tədbir çərçivəsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya xatirə hədiyyələri təqdim edilib.

Daha sonra konsert proqramı və Türkmənistanın milli geyimləri nümayiş olunub.

Sərgi ilə tanışlıqdan sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Türkmənistan Parlamenti Xalq Məsləhəti sədrinin xanımı Oqulgerek Berdiməhəmmədova və Türkiyənin birinci xanımı Əminə Ərdoğan çay süfrəsi arxasında söhbət ediblər.