“Qarabağdakı ermənilərin Azərbaycan qanunları çərçivəsində orada yaşamaq haqqı var”

 

Bu gün biz faktlarla bir daha göstərdik ki, Azərbaycan tərəfi dialoqa hər zaman açıq olub. Dialoqu irəli aparan tərəf məhz Azərbaycandır.

Xarici işlər naziri Ceyhun Bayramov bu sözləri dekabrın 15-də Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri üçün brifinqdən sonra jurnalistlərə müsahibəsində deyib.

Nazir bildirib ki, görüşdə diplomatlar bir qrup azərbaycanlı ekofəalın Laçın yolunda keçirdiyi aksiyanın səbəbləri, aksiyadan əvvəl baş verən hadisələr, öz ərazilərimizdə təbii sərvətlərin qanunsuz talan edilməsi, ekoloji sahədə ölkəmizə vurulan ziyanın qarşısının alınması üçün Azərbaycanın dövlət orqanları tərəfindən təklif olunan monitorinq mexanizmi barədə də məlumatlandırılıb.

“Təqribən son iki ay ərzində Azərbaycanın bu sahədə çoxsaylı müraciət etməsi, dekabrın 3-də görüşün keçirilməsi, müvafiq orqanlar tərəfindən yol xəritəsinin hazırlanaraq dekabrın 5-də təqdim olunması, ayın 10-da monitorinqin keçirilməsinə dair razılığın əldə edilməsi Azərbaycan tərəfinin dialoqa açıq olduğunu, bu məsələnin əməkdaşlıq şəraitində həll edilməsini dəstəklədiyini bir daha göstərir. Azərbaycan bu yanaşmanı daha əvvəl də göstərib. Laçın dəhlizinə alternativ yolun çəkilməsi zamanı orada yerli erməni əhali ilə ünsiyyətlər də oldu, onların bir sıra xahişləri nəzərə alınmışdı. Sərsəng su anbarı ilə bağlı müzakirələrdə əməkdaşlıq yerli erməni mütəxəssisləri və əhalisi ilə razılaşdırılmış formada həyata keçirildi. Hesab edirik ki, bunun mənfi nəticələri olmamışdı”, – deyə Ceyhun Bayramov bildirib.

Nazir deyib ki, bu dəfə bu addımların atılmasının, təxribatların həyata keçirilməsinin arxasında duran insanlar, qüvvələr var. Onlar bunda maraqlı deyillər. Burada Azərbaycana deyil, qarşı tərəfə çağırışlar, ciddi xəbərdarlıqlar edilməlidir ki, təxribatlara əl atmasınlar. Onlar təxribatlarla heç nəyə nail ola bilməyəcəklər.

“Azərbaycan tərəfinin yanaşması konstruktivdir, ədalətlidir. Bütün məsələlər ölkəmizin qanunları çərçivəsində, suverenliyinə hörmət olunmaqla həll edilməlidir. Qarabağda yaşayan ermənilərin Azərbaycan qanunları çərçivəsində orada qalmaq, yaşamaq, öz həyatlarını qurmaq haqları var və Azərbaycan dövləti onların bu haqqını tanıyır”, – deyə Ceyhun Bayramov əlavə edib.