Azərbaycan musiqi mədəniyyətinə ağır itki üz vermişdir. Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrindən biri, Əməkdar müəllim, Əməkdar incəsənət xadimi, pedaqoji elmlər doktoru, professor, Prezident təqaüdçüsü Oqtay Rəcəbov 15 dekabr 2022-ci il tarixində həyatının 81-ci ilində vəfat etmişdir.
Oqtay Məmmədağa oğlu Rəcəbov 1941-ci il aprelin 5-də Bakıda anadan olmuşdur. O, 1958-1963-cü illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Fizika fakültəsində təhsil almış, 1964-cü ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının Bəstəkarlıq fakültəsinə daxil olmuş və 1971-ci ildə görkəmli bəstəkar professor Cövdət Hacıyevin sinfini bitirmişdir. Onun bir bəstəkar olaraq yetişməsində və dünyagörüşünün formalaşmasında Qara Qarayev, Fikrət Əmirov, Dmitri Kabalevski kimi görkəmli sənətkarların da böyük təsiri olmuşdur.
1960-cı ildən Bakı şəhərinin bir sıra orta məktəblərində fizika müəllimi, daha sonra Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda kiçik elmi işçi kimi fəaliyyət göstərən O.Rəcəbovun musiqiyə olan həvəsi üstün gəlmiş və o, həyatını bütünlüklə musiqi sənətinə, bəstəkarlığa həsr etmişdir.
O.Rəcəbov "Göyçək Fatma", "Xeyir və Şər", "Tıq-tıq xanım", "Sərçəcik" uşaq operaları, "Ağac gözəl" baleti, "Əlin cibində olsun", "Şeytanın yubileyi" musiqili komediyaları, 7 simfoniya (7-cisi "Xocalı" simfoniyası), simfonik poemalar, kantata və oratoriyaların ("Xocalı avazları", "Heydər", "Çingiz" və s.), instrumental konsertlərin, kamera-instrumental əsərlərin, kinofilmlərə yazılmış musiqilərin müəllifidir.
Onun yaradıcılığında uşaqlar üçün yazılmış və uşaqlara həsr olunmuş əsərlər xüsusi yer tutur. Ümumiyyətlə, gənc nəslin musiqi-estetik tərbiyəsi bəstəkarın daima diqqət mərkəzində olmuşdur. O.Rəcəbov məktəblilərin musiqi-estetik tərbiyəsi və ümumtəhsil məktəbləri üçün eksperimental musiqi proqramlarının hazırlanması və tətbiqi sahəsində fəaliyyətinə görə Respublika komsomolu mükafatına layiq görülmüşdür.
1977-ci ildən etibarən O.Rəcəbov "Məktəblilərin musiqi klubu" adlı silsilə televiziya verilişlərinin aparıcısı olmuş, uzun illər bu verilişlərin hazırlanmasında fəal çalışmışdır.
Bəstəkarın elmi fəaliyyəti də önəmlidir. O, 1985-ci ildə Moskvada "Azərbaycan bəstəkarlarının uşaqlar üçün musiqisi və məktəblilərin musiqi-estetik tərbiyəsi" mövzusunda namizədlik dissertasiyasını (fəlsəfə doktoru) müdafiə etmiş, daha sonra Azərbaycan Pedaqoji Elmlər üzrə Elmi Tədqiqat İnstitutunda çalışaraq pedaqoji elmlər doktoru elmi dərəcəsini qazanmışdır.
2009-cu ildə O.Rəcəbov Rusiya Federasiyası Pedaqoji və Sosioloji Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. O, "Musiqi və mənəvi tərbiyə", "Uşaqlar və mahnılar" adlı monoqrafiyaların, ümumtəhsil məktəblərinin I-VIII sinifləri üçün musiqi dərslik, proqram və metodiki tövsiyələrin müəllifi, "Azərbaycan bəstəkarlarının uşaq mahnıları antologiyası"nın tərtibçisidir.
O.Rəcəbov fəal ictimai-musiqi xadimi kimi 1974-cü ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, habelə uzun illər bu təşkilatın Uşaq musiqisi bölməsinin rəhbəri olmuşdur. Respublikanın musiqi həyatında fəal iştirak edən O.Rəcəbov beynəlxalq simpozium və konfranslarda Azərbaycan musiqi elmini yüksək səviyyədə təmsil etmişdir.
Unudulmaz bəstəkarımız Oqtay Rəcəbovun işıqlı xatirəsi xalqımızın qəlbində daima yaşayacaqdır.
Allah rəhmət eləsin.
Azərbaycan Bəstəkarlar İttifaqı