Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Ömüralıyevi qəbul edib.

Prezident Kubanıçbek Ömüralıyevi bu vəzifəyə seçilməsi münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

TDT-nin fəaliyyətinə toxunan İlham Əliyev təşkilatın beynəlxalq səviyyədə önəminin artdığını məmnunluqla qeyd edib, bunun üzv və müşahidəçi dövlətlərin beynəlxalq nüfuzunun və iqtisadi potensialının artmasına xidmət etdiyini bildirib, təşkilatın Səmərqənddə keçirilən IX Zirvə görüşünün əhəmiyyətini vurğulayıb.

K.Ömüralıyev TDT-ni yaradan dövlətlər sırasında ilk olaraq Azərbaycana səfər etməsindən məmnunluğunu bildirib və təşkilatın fəaliyyətinin güclənməsində ölkəmizin fəal rolunu xüsusi qeyd edib.

TDT-nin baş katibi vurğulayıb ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın Qələbəsi və işğal altındakı ərazilərini azad etməsi bütün Türk dünyası üçün böyük önəm daşıyır. Kubanıçbek Ömüralıyev üzv dövlətlərin dil və mədəniyyət baxımından ümumi köklərə malik olduğunu qeyd edərək əməkdaşlığın gücləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.