Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərlinin rəhbərlik etdiyi nümayəndə heyəti İtaliya və Fransaya səfər edib.

Dekabrın 12-də başlayan səfərin məqsədi Romada yerləşən Mədəni Mülkiyyətin Mühafizəsi və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzlə (ICCROM) əlaqələrin müxtəlif istiqamətləri üzrə fikir mübadiləsinin aparılması, gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi, həmçinin UNESCO-da (Paris) Silahlı münaqişələr zamanı mədəni sərvətlərin qorunması üzrə Komitənin 17-ci sessiyasında iştirak etməkdir.

Səfər çərçivəsində dekabrın 14-də Azad Cəfərli Roma şəhərində lCCROM-un baş direktoru Vebber Ndoro ilə görüşüb. Görüşdə Azərbaycan Respublikasının İtaliyadakı Səfirliyinin ikinci katibi Rüstəm Bayramov, Dövlət Xidmətinin baş mütəxəssisi Nəzrin Məmmədova, ICCROM-ın proqram meneceri Eugene Jo, layihə rəhbəri Rohit Jigyasu, təşkilatın koordinatoru Anna Zeichner iştirak ediblər.

Dövlət Xidmətinin rəisi lCCROM ilə əməkdaşlığın inkişafı istiqamətində Azərbaycanda həyata keçirilən tədbirlərdən danışıb. İşğaldan azad olunmuş ərazilərdə tarix-mədəniyyət abidələrinin monitorinqi, inventarlaşdırılması, bərpa-quruculuq işləri və infrastruktur layihələrinin icrası haqqında baş direktora məlumat verilib. Post-münaqişə dövründə “Böyük qayıdış” tədbirlərindən söz açılıb, bu xüsusda işğal zamanı dağıdılmış abidələrin qorunması və mühafizəsinə həssaslıqla yanaşıldığı qeyd edilib.

lCCROM ilə birgə Azərbaycanda türkdilli dövlətlərin mütəxəssislərinin iştirakı ilə abidələrin bərpası və qorunması prosesinin idarə edilməsi, texniki, metodoloji bilik və bacarıqların artırılması üzrə çoxşaxəli və uzunmüddətli təlimlərin təşkilinin mümkünlüyü diqqətə çatdırılıb.

Baş direktor Vebber Ndoro öz növbəsində ölkəmizdə səfərdə olarkən işğaldan azad olunmuş ərazilərdəki, xüsusilə də Şuşa şəhərindəki dağıntıları təəssüflə seyr etdiyini qeyd edib. O, təlimlərlə bağlı Azərbaycan tərəfinin təklifini yüksək dəyərləndirdiyini bildirib, belə təlimlərin təşkil olunması ilə nümunəvi fəaliyyət və təcrübənin əsasının qoyulacağına inamını ifadə edib. lCCROM rəhbəri bununla əlaqədar memorandumun imzalanması və uzunmüddətli əməkdaşlıq proqramının icra edilməsi fikrini dəstəklədiyini vurğulayıb.

Baş direktor ümidvar olduğunu bildirib ki, Azərbaycan tərəfinin şərh, izah və ehtiyaclarına uyğun olaraq, həmçinin mərkəzi Azərbaycan olmaqla, türkdilli dövlətlərin iştirakı ilə müvafiq proqramın həyata keçirilməsi uğurlu nəticələr verə bilər.

Bu proqramla bağlı fəaliyyətin koordinasiya edilməsi məqsədilə görüşdə hər iki tərəfdən əlaqələdiricilər müəyyən edilib, layihələrin hazırlanaraq mübadilə edilməsi və sonrakı addımların yol xəritəsinə uyğun olaraq yerinə yetirilməsinə dair razılıq əldə olunub.

Nümayəndə heyətinin səfəri davam edir. Heyət 15-16 dekabr tarixlərində Parisdə UNESCO-nun Silahlı münaqişələr zamanı mədəni sərvətlərin qorunması üzrə Komitəsinin 17-ci sessiyasında iştirak edib.