Bəstəkar, sənətşünas, Əməkdar incəsənət xadimi, professor Elnarə Dadaşovanın 70 illik yubileyi münasibətilə dekabrın 15-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) konsert-konfrans keçirilib.

Tədbiri BMA-nın Tədris işləri üzrə prorektoru professor Nərminə Quliyeva açaraq akademiyanın rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəylinin salamlarını və təbrikini çatdırıb, yubilyara ən xoş arzularını bildirib

BMA-nın Musiqi nəzəriyyəsi kafedrasının müdiri professor Könül Nəsirova, Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə, Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə, BMA-nın Musiqi tarixi kafedrasının baş müəllimi Minaxanım Babayeva, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, pedaqoji elmləri doktoru Minarə Dadaşova, Fransada yaşayan məşhur azərbaycanlı pianoçu, Əməkdar artist Ədilə Əliyeva çıxış edərək Elnarə Dadaşovanın çoxşaxəli yaradıcılığından söz açıb, ona yeni yaradıcılıq uğurları arzu ediblər.

E.Dadaşova söylənilən xoş sözlərə, sənətinə verilən dəyərə görə hər kəsə dərin minnətdarlığını bildirib.

Tədbirdə çıxışlar arasında Elnarə Dadaşovanın əsərlərindən ibarət musiqi nömrələri təqdim olunub.

Konfransın bədii hissəsində Xalq artisti, vokalçı Gülnaz İsmayılova (“Sana düşüb meylim”, yubilyarın fortepianoda müşayiəti ilə), Əməkdar artist Ədilə Əliyeva (“Laçın”, fortepiano üçün pyes), müğənni Fəxri Kazım Nicat (“Bahar şərqisi”, “Döyüş cəngisi”), ADMİU-nın Musiqi müəllimi ixtisasının tələbəsi Sevinc Tağıyeva (“Etüd”), Azərbaycan Milli Konservatoriyasının tələbəsi Rəvan Musalı (“Alqış qeyrətinizə”, saz və fortepiano üçün cəngi) çıxış etdilər.

Konfrans iştirakçılarına Elnarə Dadaşovanın həyat və yaradıcılığının, müxtəlif televiziya verilişlərində yayımlanan çıxışlarının, müsahibələrinin əks olunduğu video-çarx nümayiş olunub.