Dekabrın 16-da Abdulla Şaiqin Mənzil-Muzeyində “Xurşidbanu Natəvan–190. Məclisi-Natəvan” adlı tədbir keçirilib.

Muzeyin direktoru Ülkər Talıbzadə Natəvan yaradıcılığında musiqi ilə poeziyanın qarşılıqlı əlaqəsindən, onun görkəmli şairənin dəstəyi ilə XIX əsrin ikinci yarısında Şuşada fəaliyyət göstərən “Məclisi-Üns” ədəbi məclisindən söz açıb.

Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Zümrüd İsmayılova Xurşidbanu Natəvanın rəssamlıq və tikiş bacarıqları haqqında məlumat verərək, onun tikdiyi geyim nümunələrini göstərib. Qeyd edib ki, Natəvan öz əl işlərində güləbatın naxışlarından geniş istifadə edib və bu geyim nümunələri hazırda muzeydə qorunur, bəziləri isə restavrasiyadadır, tezliklə geniş ictimaiyyətə təqdim olunacaq.

Abdulla Şaiqin Mənzil-Muzeyinin əməkdaşı Nurxanım Əskərova Xan qızı Natəvanın -ictimai, ədəbi fəaliyyəti haqqında danışıb. Çıxışlar slaydlarla müşayiət olunub.

Sonra tədbirin layihə müəllifi, mənzil-muzeyinin baş fond mühafizi Günel Əsədova Xurşidbanu Natəvan obrazında şairənin “Qərənfil” qəzəlini qiraət edib. O, həmçinin Natəvanın həyatı haqqında monoloq söyləyib.

Akademik Milli Dram Teatrının aktrisası Şəhla Əliqızının ifasında Natəvanın qəzəllərinin ifadəli təqdimatı qonaqların alqışına səbəb olub. Muğam üçlüyünün ifası da maraqla qarşılanıb.