Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov Türkiyə Dövlət Teatrlarının baş müdiri Mustafa Kurtla görüşüb.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, qonağı səmimiyyətlə salamlayan  Azər Paşa Nemətov teatr sənəti sahəsində iki qardaş ölkə arasında əməkdaşlıqdan danışıb, münasibətlərin gələcəkdə daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Qeyd olunub ki, təşkil olunan müxtəlif festivallar, ustad dərsləri və seminarlar səhnə fəaliyyəti ilə məşğul olan teatr xadimlərinin peşəkarlığının artmasına xidmət edir.

Görüşdə həmçinin diqqətə çatdırılıb ki, Akademik Milli Dram Teatrı 5-9 may tarixlərində Türkiyəni  Trabzon şəhərində keçirilən Qara dəniz ölkələri 22-ci Beynəlxalq Teatr Festivalında V.Şekspirin “On ikinci gecə, yaxud hər nə istəsəniz” tamaşası ilə Azərbaycanı təmsil edib və səhnə əsəri böyük uğurla təqdim olunub. Festivalın təşkilatçılarının və tamaşaçıların xahişi ilə səhnə əsəri iki dəfə nümayiş etdirilib.

Akademik Milli Dram Teatrla tanış olan Mustafa Kurt teatrın yaradıcı və texniki imkanlarını yüksək qiymətləndirib. Qeyd edib ki, biz Akademik Milli Dram Teatrının Türkiyənin müxtəlif şəhərlərinə qastrol səfərində, eyni zamanda beynəlxalq festivallarda iştirakında maraqlıyıq. Bu, əməkdaşlığın gələcək perspektivləri, yaradıcı əlaqələrin güclənməsi üçün müsbət zəmin hazırlayacaq.

Türkiyəli qonaq teatrın səhnəsində nümayiş olunan "Ah, bu uzun sevda yolu" tamaşasına da baxıb.