Azərbaycan

 

21 dekabr 1913 – Tanınmış şair, tərcüməçi Ələkbər Ziyatay (Ələkbər Həsən oğlu Cəfərov; 1913 – 2.7.1982) Gəncədə doğulub. Bir çox şeirlərinə mahnılar bəstələnib. Rus dilindən ədəbi tərcümələr edib.

21 dekabr 1916 – Yazıçı, Əməkdar incəsənət xadimi Süleyman Vəli oğlu Vəliyev (1916 – 7.3.1996) Bakının Ramana kəndində doğulub. “Mübahisəli şəhər”, “Düyünlər” romanlarının müəllifidir. “Şor cüllütü” povesti əsasında “Qara gölün cəngavərləri” filmi çəkilib.

21 dekabr 1922 – Ədəbiyyatşünas, yazıçı, Əməkdar elm xadimi Kamran Dadaş oğlu Məmmədov (1922 – 6.4.1989) anadan olub.

21 dekabr 1923 – Xalq artisti, tanınmış müğənni Tükəzban Məhərrəm qızı İsmayılova (1923 – 24.3.2008) anadan olub. İfaçılıqla yanaşı, pedaqoji fəaliyyət göstərib. Bir çox xarici ölkələrdə qastrollarda Azərbaycan musiqisini təbliğ edib.

21 dekabr 1923 – Görkəmli tarixçi və şərqşünas, akademik, Sovet İttifaqı Qəhrəmanı Ziya Musa oğlu Bünyadov (1923 – 21.2.1997) Astarada anadan olub. Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutuna rəhbərlik edib. Akademiyanın vitse-prezidenti (1990-1997), Milli Məclisin deputatı (1995-1997) olub.

21 dekabr 1929 – Mədəniyyət və elm xadimi, fəlsəfə elmləri namizədi Zakir Nəriman oğlu Bağırov (1929 – 31.3.1989) Şuşada anadan olub. 1971-1988-ci illərdə Azərbaycan Respublikasının Mədəniyyət naziri işləyib. Azərbaycan Ali Sovetinin deputatı olub.

21 dekabr 1952 – Tanınmış rəssam, şair, tərcüməçi Adil Mirseyid (Adil Mirseyid oğlu Baxışov; 1952-2014) anadan olub.

21 dekabr 1979 – Dövlət xadimi Məmməd Qurban oğlu Qurbanov (1911-1979) vəfat edib. Azərbaycan SSR Mədəniyyət naziri (1955-1960 və 1963-1965), Nazirlər Soveti yanında Kinematoqrafiya Komitəsinin sədri işləyib.

21 dekabr 2020 – Xalq artisti Safurə Ağabala qızı İbrahimova (27.12.1938 – 2020) vəfat edib. Milli Dram Teatrında çalışıb. “Sevil”, “Arşın mal alan”, “Qatır Məmməd”, “Alma almaya bənzər” və s. filmlərdə çəkilib.

 

22 dekabr 1898 – Əməkdar incəsənət xadimi, rejissor, aktyor Ağarza Səməndər oğlu Quliyev (1898 – 15.9.1976) Lənkəranda doğulub. “Qara daşlar”, “Səhər”, “Ulduz” filmlərinə quruluş verib, filmlərdə çəkilib.

22 dekabr 1906 – Xalq artisti, xanəndə Əlövsət Şirəli oğlu Sadıqov (1906-1971) anadan olub. 1930-cu ildən Dövlət Opera və Balet Teatrında çalışıb.

22 dekabr 1911 – Tanınmış jurnalist, pedaqoq Nəsir Əsədulla oğlu İmanquliyev (1911-1998) Bakıda doğulub. “Bakı” və “Baku” qəzetlərinin yaradıcısı və 30 ilə yaxın baş redaktoru, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru olub.

22 dekabr 1920 – Yazıçı, ssenarist, rejissor, Xalq artisti Həsən Mehdi oğlu Seyidbəyli (1920 – 25.6.1980) Bakıda doğulub. “Uzaq sahillərdə” (İ.Qasımovla birgə), “Cəbhədən cəbhəyə” romanlarının, pyeslərin müəllifidir. “Telefonçu qız”, “Bizim Cəbiş müəllim”, “Nəsimi” filmlərinə quruluş verib. Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri olub.

22 dekabr 1934 – Xalq artisti İbrahim Əhməd oğlu Məmmədov (Bənəniyarlı; 1934 – 9.9.2014) Naxçıvan MR Culfa rayonunun Bənəniyar kəndində doğulub. Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyoru olub.

22 dekabr 1937 – Tarixçi, etnoqraf, AMEA-nın müxbir üzvü Arif Akim oğlu Abbasov (1937 – 21.4.2005) Naxçıvanda doğulub.

22 dekabr 1939 – Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Rauf Əbdüləli oğlu İsmayılov (1939–2019) dünyaya gəlib. Milli Məclisin Təhsil, elm, din və mədəniyyət məsələləri daimi komissiyasının sədri olub.

22 dekabr 1993 – Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə “Azərkinovideo” İstehsalat Birliyinin nəzdində Azərbaycan Dövlət Film Fondu yaradılıb. 2001-ci ildə “Azərkinovideo” ləğv edilib və funksiyaları, tabe müəssisələri Mədəniyyət Nazirliyinə verilib.

22 dekabr 2017 – Prezident İlham Əliyev tanınmış bəstəkar, Xalq artisti Elza İbrahimovanın 80 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

 

23 dekabr 1911 – Şərqşünas, tərcüməçi, professor, Əməkdar elm xadimi Məmməd Mübariz Əli oğlu Əlizadə (1911 – 9.4.1994) anadan olub. Nizaminin, Xaqaninin tədqiqatçısı olub. Mücirəddin Beyləqaninin şeirlərini farscadan dilimizə tərcümə edib.

23 dekabr 1913 – Əməkdar artist İmamverdi Salman oğlu Bağırov (1913 – 6.5.1985) doğulub. İrəvan Dövlət Azərbaycan Dram Teatrı, Akademik Milli Dram, Musiqili Komediya teatrlarında çalışıb.

23 dekabr 1923 – Əməkdar incəsənət xadimi, rejissor Hüseyn Musa oğlu Sultanov (1923 – 30.3.1993) anadan olub.

23 dekabr 1927 – Əməkdar mədəniyyət işçisi Nəcəf Abbas oğlu Həsənzadə (1927-2012) Bakıda anadan olub. Akademik Milli Dram Teatrında aktyor və rejissor assistenti kimi fəaliyyət göstərib, filmlərə çəkilib.

23 dekabr 1945 – Əməkdar artist Sadiq Əliabbas oğlu İbrahimov (1945 – 20.8.2010) Bakıda doğulub. Akademik Milli Dram Teatrının aktyoru olub.

23 dekabr 1946 – Xalq artisti, balerina, Dövlət mükafatı laureatı Çimnaz Məmməd qızı Babayeva (1946 – 23.12.2019) Bakıda doğulub. 1964-1977-ci illərdə Akademik Opera və Balet Teatrının solisti olub, teatrda baletmeyster kimi fəaliyyət göstərib.

23 dekabr 1976 –  Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə sovet kino sənətinin inkişafında xidmətlərinə görə və Azərbaycan kinosunun 60 illiyi ilə əlaqədar olaraq bir qrup kino xadimi təltif olunub. Sovet dövründə Azərbaycan kinosunun tarixi 1916-cı ildən hesablanırdı. Müstəqilik dövründə tədqiqatlar bu tarixin 1898-ci ildən başlandığını sübuta yetirdi.

23 dekabr 1986 – Əməkdar artist Qurban Baxşəli oğlu Mirzəyev (1920-1986) vəfat edib. Ağdam Dövlət Dram Teatrının aktyoru olub.

23 dekabr 2011 – Prezident İlham Əliyev dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

 

Dünya

 

21 dekabr 1639 – Fransız dramaturqu Jan Rasin (Jean-Baptiste Racine; 1639 –21.4.1699) anadan olub. “İfigeniya”, “Fedra” kimi dramları dünyanın bir çox teatrlarında səhnəyə qoyulub.

21 dekabr 1840 – Türk şairi və yazıçısı, teatr xadimi Namiq Kamal (1840 – 2.12.1888) anadan olub. Əsərləri: “İntibah”, “Cezmi”, “Şah”, “Vətən yaxud Silistre” və s.

21 dekabr 1917 – Alman yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1972) laureatı Henrix Böll (Heinrich Theodor Böll; 1917 – 16.7.1985) anadan olub. Əsərləri: “Saat onun yarısında bilyard”, “Klounun gözü ilə”, “Mələk susurdu”, “Əsgər mirası” və s.

 

22 dekabr 1858 – İtalyan bəstəkarı Cakomo Puççini (Giacomo Puccini; 1858 – 29.11.1924) anadan olub. “Bohema”, “Toska”, “Madam Batterflyay” operalarının müəllifidir.

22 dekabr 1937 – Rus yazıçısı Eduard Uspenski (1937-2018) anadan olub. Uşaqlar üçün populyar əsərlərin (“Timsah Gena və dostları”, “Fyodor dayı, it və pişik”) müəllifidir.

 

23 dekabr 1858 – Görkəmli rus rejissoru, dramaturq, Moskva Bədaye Teatrının qurucularından Vladimir İvanoviç Nemiroviç-Dançenko (1858-1943) anadan olub.

23 dekabr 1931 – SSRİ Xalq artisti Lev Konstantinoviç Durov (1931 – 20.8.2015) anadan olub. “Azərbaycanfilm”də “Qorxma, mən səninləyəm!” (San Sanıç) filmində çəkilib.

Hazırladı: V.Orxan