Moskva Ritorika və Natiqlik Bacarığı Universitetinin aparıcı təlimçisi, Beynəlxalq Trenerlər Assosiasiyasının üzvü Nəcəf Allahverdiyev tərəfindən Mədəniyyət Nazirliyinin əməkdaşları üçün təlimlər keçirilir.

İki həftə müddətinə nəzərdə tutulan treninqlər 4 istiqaməti əhatə edir: natiqlik, emosiyaların və stressin idarə edilməsi, “Mind Map” (Beyin xəritəsi) və “Time Management” (Zamanın idarə edilməsi).

Azərbaycan Milli Kitabxanasında keçirilən təlimlərdə iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılır, müxtəlif praktik tapşırıqlar icra olunur.

Təlimlər müasir dünya təcrübəsi əsasında, yeni dövrün tələblərinə uyğun və qabaqcıl format üzərində hazırlanmış, rəhbər vəzifəli şəxslərdə peşəkar idarəetmə biliklərinin artırılması, onlara məsul olduğu proseslər və tabeliyindəki işçiləri daha effektli idarə edə bilmə səriştələrini özündə ehtiva edir. İştirakçılar təhlil etmə, streslə mübarizə, vaxtın idarə edilməsi, informasiya axının tənzimlənməsi, komanda qurma bacarığı və s. səriştələrə yiyələnmiş olacaqlar.

Dekabrın 22-dək davam edəcək treninqlərin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.