Böyük şairimiz Nizami Gəncəvi kamil sənəti ona görə yüksək qiymətləndirirdi ki, mükəmməl olmayan işin təsiri və keyfiyyəti hiss edilməz. Sənətin kamilliyinə qovuşmaq isə təkcə istedadla mümkün deyil, böyük zəhmət çəkməli, məsuliyyətli və səbirli olmalısan. Heykəltəraşlıqda da sənət duyumu, istedadla yanaşı, ağır zəhmət tələb olunur. Bu işə ürəyini qoymasan, özünü bu işə həsr etməsən, əlbəttə ki, sənətin yarımçıq təsir bağışlayacaq.

Çağımızın böyük heykəltəraşı, sabah (21 dekabr) 95 yaşı tamam olan Xalq rəssamı Ömər Eldarovun yaradıcılığını göz önünə gətirəndə ilk növbədə kamil sənət haqqında düşünməli olursan. Ucaltdığı abidələrin, kompozisiyaların sayına və sanbalına baxanda onun necə böyük səbir sahibi olduğunu deyə bilərik. Qocaman sənətkarımız ömrünün müdrik çağında da yenə yonur, düzəldir, yeni ideyalar irəli sürür, bir sözlə, yaratmaq eşqi ilə yaşayır. Kim bilir, bəlkə də onun bu uzun ömrünün sirri elə ucaltdığı abidələrdədir...

Ömər Eldarovun yaratdığı heykəllərdə təkcə estetika önəmli rol oynamır. Bu əsərlərin hər birində sənətkar canlandırmış olduğu obrazın hiss və düşüncələrini, xarakterini tunc, mərmər, bürünc və s. materiallarda ustalıqla ifadə etmişdir. M.Füzuli, X.Natəvan, H.Cavid, S.Bəhlulzadə, Ü.Hacıbəyli və başqalarının heykəlləri bunu təsdiqləyir.

1960-cı ildə ucaldılmış Xurşidbanu Natəvanın heykəli Ömər Eldarovun yaradıcılıq istedadını, sənət baxışlarını təcəssüm etdirən məşhur əsərlərindəndir. Heykəl Azərbaycan qadınına xas olan milli xüsusiyyətlərin göstəricisi kimi qarşımızda durur. Əlində qələm tutaraq fikirli halda dayanması isə şairənin istedadını, poeziya ruhunu sanki bir daha üzə çıxaracağı, dərin fikirlərini kağıza köçürəcəyi təəssüratı yaradır.

Səttar Bəhlulzadənin heykəlində müəllif fırça ustasının bənzərsizliyini onun bir qədər uzun saçlarının dalğavarı şəkildə təsviri ilə verə bilmişdir. Bu nüans heykələ xüsusi ab-hava qatmışdır. Plaşın boyun hissəsindəki qatlama, qırışlar heykələ xas olan dinamikanı üzə çıxarmışdır. Üz cizgilərindəki qırışlar ustad sənətinin böyüklüyü sayəsində mükəmməl şəkildə hazırlanmışdır. Abidədə Səttar Bəhlulzadənin əllərini ayrıca qeyd etməliyik. Çünki rəssama xas olan uzun, incə barmaqlarla tutulan fırça vasitəsilə möhtəşəm əsərlər yaradılırdı. Ömər Eldarov da bu sehrli əlləri dərin realizm qatıyla, sənətkarlıq qabiliyyəti ilə yaratmışdır.

Əsərdə rəssam iki boş çərçivəyə əsaslanaraq dayanmışdır. Ancaq çərçivələr boş olsa da, ətraf mühitin mənzərəsi buraya dolaraq sanki bir rəsm tablosu effekti yaradır.

Həm Ömər Eldarovun, həm də mərhum heykəltəraş Tokay Məmmədovun yaradıcılığında əsas yer tutan Məhəmməd Füzulinin heykəli hələ o vaxt gənc olan bu iki insanın yaradıcılıq axtarışlarının uğurlu nəticəsidir. Obrazın bir əlini çənəsinə söykəyərək dayanması, gözlərinin qapalı şəkildə təsviri onun sanki fikirləri arasında var-gəl etdiyini əks etdirir. Görkəmli ədəbiyyatşünas-alim, akademik Məmməd Cəfər böyük şairimiz haqqında yazırdı: “Füzuli sevir, Füzuli düşünür deməkdir. Aşiq Füzuli ilə mütəfəkkir Füzuli ancaq vəhdət halında alındığı zaman onu duymaq olur. Füzuli başqa cür dərk edilə bilməz”. Heykəldə Füzulinin siması bu kontekstdən çox düşündürücüdür. Abidənin postamentində şairin yaradıcılığının zirvəsi sayılan “Leyli və Məcnun” poemasından fraqmentlər verilib. Bütün bunlar obrazın ümumi həllində mühüm rola malikdir.

Ustad heykəltəraşın yaradıcılığında Hüseyn Cavid dünyasının xüsusi yer var. Dahi şairin adını daşıyan prospektdə qoyulan abidə-kompozisiya Ömər Eldar sənətinin vizit kartlarından hesab edilir. Bu abidə tək Hüseyn Cavidin deyil, bütün repressiya qurbanlarının xatirəsini əbədiləşdirən bir heykəldir. 5,5 metr hündürlüyə malik kompozisiyanın əsasını Cavidin “İblis” əsəri təşkil edir. Yuxarı hissədə mehribanlığı təsvir edən Vətənin təsviri verilmişdir. Aşağı hissədə isə əlində qılınc ilə yerə enən insan təsvir olunmuşdur. Heykəl ümumilikdə Ömər Eldarov yaradıcılığına xas olan orijinallığı, düşündürücülüyü, milliliyi təzahür etdirir.

Hər bir sahədə olduğu kimi, heykəltəraşlıq sahəsində də sənətkarın üzərinə böyük bir məsuliyyət düşür. Heykəltəraş əsərini yaratmazdan əvvəl canlandıracağı obrazın mənəvi-psixoloji dünyasına daxil olmalı, sanki bir psixoloq kimi həm də obrazın iç dünyasını açmalıdır. Bu əgər bir şairdirsə, onun şeirlərinə, rəssamdırsa onun rəngkarlıq nümunələrinə bələd olmalı, araşdırıb öyrənməlidir. Ömər Eldarovun zəngin yaradıcılığı ilə tanış olduqda onun bu prinsiplərə necə də dəqiqliklə əməl etdiyini görmək mümkündür. Ustadın hər zaman gənclik şövqü ilə yaratmış olduğu əsərlərində öz qəlbindən keçənləri, yeni ideyaları, yaradıcılıq axtarışlarını və zəhmətkeş əlləri vasitəsilə verilən canlılığı duymaq olar. Hər bir yaradıcı şəxs üçün əsl sərvət onun ömrünü və zəhmətini sevə-sevə verərək ərsəyə gətirdiyi işləridir.

Yaradıcı şəxslər həmişə öz əsərlərinə baxdıqda xatirələri canlanır, ötən illərə qayıdırlar. Ömər Eldarov da ömrünün 95-ci anından geriyə böyük fəxrlə boylana bilən xoşbəxt sənətkarlardandır. Çünki o, ömrünə elə dəyərli xəzinə sığdırıb ki, qiyməti illər ötdükcə daha da artacaq. Bu, əbədiyaşar sənət xəzinəsidir!

Böyük sənətkarımızı doğum günü və yubileyi münasibətilə ürəkdən təbrik edir, cansağlığı, yaradıcılıq uğurları və əsası isə 100 yaşını qeyd etməyi diləyirik.

Aynurə Muradzadə