Türk adət-ənənə və inancında qadın-kişi ayrı seçkiliyi və qadına şiddət yoxdur. Dünyanın bir çox yerində qadına dəyər verilməyəndə dövlətimizin qurucusu Böyük Atatürk 1934-cü il dekabrın 5-də qadınlara seçmək və millət vəkili seçilmək hüququ verib. Biz bir ara özümüzü unutduq, Atatürk isə bizə bizi xatırlatdı. Türkə türkü xatırlatdı. Türk millətinin tarixində mövcud olduğu andan adət-ənənələrində qadın-kişi ayrı-seçkiliyi olmayıb.

Bu fikirləri dekabrın 16-da Antalyada “Türk dünyası ictimai həyatında və iş həyatında qadınların rolu” adlı qurultayın açılış mərasimində Beynəlxalq Avrasiya Təhsil Həmkarlar İttifaqının və Türkiyənin təhsil sahəsi üzrə həmkarlar ittifaqı – “Türk Eğitim Sen” başqanı Talip Geylan deyib.

Beynəlxalq Avrasiya Təhsil Həmkarlar İttifaqının və “Türk Eğitim Sen”in təşkilatçılığı ilə keçirilən tədbirə Azərbaycan Təhsil Işçiləri Azad Həmkarlar İttifaqından nümayəndələr, Azərbaycan Türkiyə Evinin (ATEV) rəhbəri Tənzilə Rüstəmxanlı da daxil olmaqla Türk dünyasının müxtəlif yerlərindən qadın təşkilatlarının təmsilçiləri qatılıb.

Talip Geylan qeyd edib ki, tarixdə müsbət fəaliyyətləri ilə iz qoymuş türk qadınlarının davamçısı olan çağdaş qadınlar əzmli, prinsipial, mübariz, ailəsinə dəstək verən qayğıkeş ana obrazında nümunədirlər. “Türk Eğitim Sen” başqanı vurğulayıb ki, bu tədbirin də məqsədi çağdaş türk qadınının problemlərini müzakirə etmək, həll yollarını araşdırmaqdır.

Qeyd edək ki, 15-18 dekabr tarixlərində keçirilən qurultayın panel iclaslarında qadınların  həmkarlar ittifaqı təşkilatında yeri, problemləri və həlli yolları, qadınların məşğulluğu üçün qəbul edilən qanunlardakı çatışmazlıqlar və həll yolları, qadınların iş həyatında hüquqları, qadınlara qarşı zorakılıq və həll yolları, iş həyatında qadın və kişi hüquq bərabərliyinin təkmilləşdirmə təklifləri, sosial media və kütləvi informasiya vasitələrində qadınlara qarşı həssaslıq kimi mövzularda çıxışlar təqdim olunub.

Panellərdən sonra “Rəng və naxışlarla Türk dünyasında qadınlar” mövzusunda moda nümayişi keçirilib. Qurultay yekun bəyannamənin oxunması ilə başa çatıb.

Mehparə Sultanova
Ankara