Mədəniyyət naziri Anar Kərimov dekabrın 19-da ölkəmizdə səfərdə olan Türkiyə mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları səmimi salamlayan Anar Kərimov Azərbaycanda keçirilən “Türk filmləri  həftəsi”nin əhəmiyyətini qeyd edib, nümayiş olunan ekran əsərlərinin böyük maraqla qarşılandığını bildirib. Nazir bu kimi layihələrin, festivalların ənənə halını almasının mədəni əlaqələrimizin daha da dərinləşməsinə töhfə verəcəyini diqqətə çatdırıb.

Anar Kərimov dekabrın 19-da Bakıda Azərbaycan-Türkiyə Birgə Mədəniyyət Komissiyasının ikinci iclasının keçirilməsi və mədəniyyətin müxtəlif sahələrində əməkdaşlıqla bağlı əhəmiyyətli müzakirələrin aparılmasından məmnunluğunu bildirib.

Türkiyə mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircan birgə iki ölkənin mədəni əməkdaşlığı kontekstində komissiyaya böyük önəm verdiklərini deyib. Türkiyəli qonaq komissiyanın iclaslarının il ərzində iki dəfə keçirilməsi təklifini səsləndirib. Bildirib ki, konkret sahələr üzrə sıx şəkildə fikir mübadiləsi aparılması əməkdaşlığın dinamik inkişafına daha yaxşı töhfə verə bilər.

Söhbət zamanı birgə komissiya çərçivəsində muzey, kitabxana, mədəni irs və onun qorunması, təbliği ilə bağlı əməkdaşlıq məsələlərinə də toxunulub. Anar Kərimov qeyd edib ki, işğaldan azad olunmuş Azərbaycan ərazilərində Ermənistan tərəfindən vandalizmə məruz qalmış tarix-mədəniyyət abidələrinin bərpası və yenidən qurulması sahəsində Türkiyənin təcrübəsinə ehtiyac var. Bu sahədə fəaliyyət göstərən insanlar üçün qardaş ölkənin mütəxəssisləri tərəfindən treninqlərin keçirilməsi faydalı olardı. Nazir qeyd edib ki, muzey əşyalarının bərpa və konservasiyası, mədəni irsin ixracı və idxalı, bu prosesin tənzimlənməsi mexanizmi və digər məsələlərlə əlaqədar Türkiyə ilə əməkdaşlıqda maraqlıyıq.

Görüşdə Azərbaycanda yaradıcı sənayelərin inkişafı, eləcə də Yaradıcı Sənayelər Assosiasiyasının fəaliyyəti barədə söz açılıb, mədəni turizm sahələrinin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Anar Kərimov hazırda işğaldan azad olunan ərazilərdə, eləcə də digər regionlarımızda aparılan arxeoloji qazıntılara türkiyəli mütəxəssislərin də cəlb olunduğunu bildirib. Deyib ki, bu sahədə ölkəmizdə insan resursları yetərli olsa da, müvafiq laboratoriyaların azlığı müşahidə olunur. Türkiyədə isə bu sahədə 10 laboratoriya mövcuddur və ölkəmizdə aparılan araşdırmaların nəticələrinin müəyyənləşdirilməsində bu imkanlardan istifadə edilir.

Bu ilin noyabrında ikincisi Bursada gerçəkləşən Dədə Qorqud Türk Dünyası Film Festivalından danışan Anar Kərimov festivala gənclərin daha çox maraq göstərməsinin məmnunluq doğurduğunu bildirib. Deyib ki, bu festival Türk dünyası kinosunun ölkələrimiz arasında daha yaxşı təbliği baxımından diqqətəlayiq layihədir.

Ahmet Misbah Demircan da sözügedən festivalı yüksək dəyərləndirib, gələcəkdə Dədə Qorqud Kino Akademiyasının yaradılması ilə bağlı təşəbbüslə çıxış edib. Bildirib ki, türk dövlətlərində kino nümayişinin vahid bir platforma üzərindən həyata keçirilməsi əhəmiyyətli olar. Nazir müavini, həmçinin Türk dünyası ölkələrini və xalqlarını əhatə edən kino məktəbinin açılması məsələsini də gündəmə gətirib. O, Azərbaycan və Türkiyənin bu layihənin əsas təşəbbüskarı kimi çıxış etməsinin önəmini vurğulayıb.

Daha sonra görüş qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi ilə davam edib.