Fikrət Əmirovun 100 illiyinə həsr olunan filmin təqdimatı keçirilib

 

Dünya şöhrətli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı Fikrət Əmirovun (1922-1984) 100 illik yubileyi ölkəmizdə və dünyada müxtəlif tədbirlərlə qeyd olunur. Dahi bəstəkarın milliliklə bəşəriliyin vəhdəti olan bənzərsiz sənəti haqqında söz açılır, ölməz musiqiləri səslənir, səhnə əsərləri nümayiş olunur.

Böyük sənətkarın yubileyi münasibətilə Mədəniyyət Nazirliyinin sifarişi əsasında “Azərbaycanfilm” kinostudiyasında “Fikrət Əmirov” adlı bədii-sənədli film çəkilib. Dekabrın 19-da Heydər Əliyev Sarayında “Fikrət Əmirov” filminin təqdimat mərasimi keçirilib.

Mərasimdə çıxış edən mədəniyyət naziri Anar Kərimov Fikrət Əmirovu Azərbaycan musiqi mədəniyyətinin ən görkəmli simalarından biri kimi səciyyələndirib. Bildirib ki, Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamla dahi bəstəkarın 100 illiyi silsilə tədbirlərlə qeyd edilir. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə əlamətdar yubileyə həsr olunan musiqi festivalı keçirilib. Festival çərçivəsində konsert və tamaşa nümayişləri Bakıda və bəstəkarın doğulduğu Gəncədə reallaşıb.

Fikrət Əmirovun dünya şöhrətli bəstəkar olduğunu deyən Anar Kərimov bildirib ki, onun əsərləri, xüsusilə “Min bir gecə” baleti bir sıra ölkələrin mötəbər konsert salonlarında məşhur kollektivlərin ifasında dönə-dönə səsləndirilir. Görkəmli musiqi xadiminin əsərləri uzun illərdir Azərbaycan mədəniyyətinin təbliğatçısı kimi çıxış edir. Bəstəkarın müxtəlif janrlarda yaratdığı nümunələr bütün dövrlərdə öz təravətini qoruyub saxlayacaq, musiqi mədəniyyətimizin qiymətli inciləri kimi hər zaman sevilə-sevilə dinləniləcək.

Film haqqında danışan Anar Kərimov ekran işinin Fikrət Əmirovun 100 illiyinə dəyərli töhfə olduğunu diqqət çatdırıb. Deyib ki, rejissor Vaqif Mustafayev filmi ərsəyə gətirən zaman sənətkarın ailə üzvləri ilə görüşüb, onların xatirələrini dinləyib, nəticədə Fikrət Əmirovun dünyaya göz açdığı mühiti, şəxsiyyət kimi yetişməsini və sənətini dolğunluğu ilə təqdim etməyə müvəffəq olub.

Nazir Vaqif Mustafayev başda olmaqla filmin ərsəyə gəlməsində zəhməti olan hər kəsə təşəkkürünü bildirib.

Azərbaycanın dahi sənətkarı haqqında filmin təqdimatına qatılan Türkiyə mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircan çıxışında kinonun təbliğat işində önəmli vasitə olduğunu bildirib. Qeyd edib ki, hər bir inkişafın təməlində mədəniyyət faktoru dayanır. Fikrət Əmirov da Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətləri olan şəxsiyyətlərdəndir.

O, görkəmli bəstəkarın 100 illiyinin Türkiyədə də geniş qeyd olunduğunu bildirib. Vurğulayıb ki, bu il “Türk dünyasının mədəniyyət paytaxtı” Bursada Fikrət Əmirovun 100 illiyi münasibətilə konsert proqramı təşkil olunub.

Sonra filmin ssenari müəllifi və quruluşçu rejissoru Xalq artisti Vaqif Mustafayev səhnəyə dəvət olunub. O, filmin ərsəyə gəlməsindən danışaraq dahi bəstəkarı ilk dəfə hələ uşaq olarkən musiqi məktəbinə qəbul zamanı gördüyünü, Fikrət Əmirovun onun musiqi duyumunu yoxladığını məmnunluqla xatırladıb: “Amma ağlıma gəlməzdi ki, zaman yetişər, mən böyük bəstəkarımız haqqında film çəkərəm. Buna görə özümü xoşbəxt hiss edirəm. Əvvəlki filmlərimdə olduğu kimi, burada da mövzuya səmimiyyətlə yanaşmışam”.

Rejissor sevgi və səmimiyyətlə bu filmi ərsəyə gətirməsi üçün ona etimad göstərdiyinə görə şəxsən mədəniyyət naziri  Anar Kərimova, həmçinin bu işdə ona dəstək olan nazirliyin müvafiq şöbələrinin, “Azərbaycanfilm” kinostudiyasının rəhbərlərinə minnətdarlığını bildirib: “Bu filmin mənim yaradıcı həyatımda özünəməxsus yeri var”.

Fikrət Əmirovun oğlu, pianoçu, bəstəkar, Xalq artisti Cəmil Əmirov ekran işinin sevgi ilə ərsəyə gəldiyini və razı qaldıqlarını deyib. O, ailələri adından Mədəniyyət Nazirliyinə və filmin yaradıcı heyətinə minnətdarlığını bildirib.

Çıxışlardan sonra film nümayiş olunub.

Ekran işində bəstəkarın qızları Afət Xəlilova, Sevil Əmirova, oğlu Cəmil Əmirov, eləcə də sənətkarın digər qohumlarının xatirələrinə, Xalq artisti, bəstəkar, pianoçu Fərhad Bədəlbəyli, musiqişünas, Əməkdar incəsənət xadimi Lalə Hüseynova, mədəniyyət naziri Anar Kərimov, musiqişünas, Əməkdar incəsənət xadimi Zemfira Qafarova, Xalq artisti, pianoçu Yeganə Axundova, tarzən, Xalq artisti Vamiq Məmmədəliyev, bəstəkar, Əməkdar incəsənət xadimi Oqtay Rəcəbov və başqalarının fikirlərinə yer verilib.

Filmdə Fikrət Əmirovun Azərbaycanı ölməz musiqiləri ilə dünyaya tanıdan sənətkar kimi yaradıcılıq məziyyətlərindən, milli melodiyalarla klassik musiqinin vəhdətində simfonik muğam kimi möhtəşəm bir janrın yaradıcı olmasından söz açılır. Vurğulanır ki, musiqi tariximizdə Fikrət Əmirov qədər öz əsərlərinin adına Azərbaycan sözünü həkk edən ikinci böyük bəstəkar yoxdur. “Azərbaycan kapriççiosu”, “Azərbaycan süitası”, “Azərbaycan elləri” kimi əsərləri musiqi sənətimizin inciləridir.

Sənədli kino ilə bədiiliyin mükəmməl sintezi olan ekran əsəri tamaşaçıya tarzən, bəstəkar Məşədi Cəmil Əmirovun yığcam sənət tərcümeyi-halına, bu sənət mühitində  doğulan Fikrətin musiqiyə ruhən, qəlbən bağlanmasına, fakt və xatirələr toplusunda iki istedadlı və sevgi dolu musiqiçi – ata və oğul ömrünə birgə nəzər salmaq imkanı verir.

Qeyd edək ki, filmin quruluşçu operatoru Orxan Abbasov, quruluşçu rəssamı Quram Navrozaşvili, səs rejissoru Sergey Netrunenko, məsləhətçisi Cəmil Əmirov, montajçısı Əsgər Rəhimov, prodüseri Nazim Hüseynovdur.