F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə Bakı şəhəri Y.Kovalyov adına 229 nömrəli tam orta məktəbdə “Açıq dərs – açıq fikir” layihəsi çərçivəsində “Əzilsəm də, susmaram!” adlı tədbir keçirilib.

Böyük şair və ictimai xadim Əhməd Cavadın 130 illiyinə həsr olunan tədbirdə əvvəlcə məktəbin həyətində şəhidlərin xatirə lövhəsinin qarşısına gül qoyulub və Vətən oğullarının xatirəsi yad olunub.

Sonra tədbir məktəbin akt zalında davam edib. 33 nömrəli Uşaq musiqi məktəbi xor kollektivinin ifasında Dövlət himni səsləndirilib.

Tədbirdə ədibin nəvəsi Almaz Axundzadə, nəticəsi Cavad Axundzadə, Mədəniyyət Nazirliyinin nümayəndələri İslam Hüseynov, Kamran Musayev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərzadə, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun elm katibi Aygün Bağırlı, institutun baş elmi işçisi, filologiya üzrə elmlər doktoru Lütviyyə Əsgərzadə və digər qonaqlar iştirak ediblər.

Şagirdlərin təqdimatında istiqlal şairinin həyat və yaradıcılığını özündə ehtiva edən kompozisiyalar təqdim olunub və bilik yarışı keçirilib. Bilik yarışmasından sonra çıxış edən qonaqlar Əhməd Cavadın məşəqqətli ömür yolu və yaradıcılığı haqqında geniş məlumat veriblər.

Sonda bilik yarışının qaliblərinə diplom və kitablar verilib. I yerin qalibi Əli Mirzəyevə Əhməd Cavadın əksi olan kiçikölçülü xalça hədiyyə edilib.

Qeyd edək ki, kompozisiya və bilik yarışmasının iştirakçıları məktəbin rus bölməsinin yuxarı sinif şagirdləri olub.