Dekabrın 21-də mədəniyyət naziri Anar Kərimov nazirliyin mətbuat orqanları “Mədəniyyət/Culture” jurnalı və “Mədəniyyət” qəzetinin kollektivləri ilə görüşüb.

Müasir dövrdə mətbuat və medianın qarşısında mühüm vəzifələrin dayandığını bildirən Anar Kərimov informasiyanın dəqiq və operativ şəkildə ictimaiyyətə çatdırılmasının vacibliyini qeyd edib.

Yeni informasiya texnologiyaları, geniş əhatə dairəsi olan elektron media, sosial media kimi imkanlarla yanaşı, ənənəvi çap mətbuatının əhəmiyyətini qeyd edən Anar Kərimov  ölkəmizin mədəniyyət salnaməsinin, müasir mədəni proseslərin gələcək nəsillərə çatdırılmasında onun bir mənbə rolunu oynayacağını deyib. Bildirilib ki, müasir oxucu informasiyanın maksimum qısa və lakonik olmasını istəyir. Buna görə də hər iki nəşr çap variantlarını qoruyub saxlamaqla yanaşı, elektron versiyalarını təkmilləşdirməli və məlumatların çatdırılmasının daha optimal yollarını tapmalıdır.

Bildirilib ki, nazirliyin mətbuat orqanları mədəniyyət sahəsində həyata keçirilən işləri, bu sahədə yenilikləri vaxtında oxuculara çatdırmağa çalışmalı, uğurlarla bərabər, problemləri də diqqətdə saxlamalıdır.

Hazırda dövlət tərəfindən işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri, mədəni quruculuq barədə danışan Anar Kərimov bu prosesin hər iki mətbuat orqanında mütəmadi işıqlandırılmasının zəruriliyini vurğulayıb.

Qəzet və jurnalın yayımı, hədəf auditoriyası barədə danışan Anar Kərimov deyib ki, ölkəmizin mədəniyyət ictimaiyyəti ilə yanaşı, elm, təhsil və digər sahələrdə çalışanların, xüsusilə də tələbə və gənclərin bu nəşrlərə əlçatanlığının təmin edilməsi faydalı olar.  Bu məqsədlə hər iki nəşrin yayım siyasətinin yenidən nəzərdən keçirilməsi ilə bağlı tövsiyələri verilib.

Görüşdə eyni zamanda informasiya siyasətinin reallaşdırılmasında sosial medianın  imkanlarından da maksimum istifadənin günün tələbi olduğu vurğulanıb. Hər iki nəşrin elektron versiyalarında multimedia imkanlarının daha da artırılması ilə bağlı müzakirə aparılıb.   

“Mədəniyyət/Culture” jurnalının baş redaktoru Əməkdar mədəniyyət işçisi Zöhrə Əliyeva, “Mədəniyyət” qəzetinin baş redaktoru Vüqar Əliyev nəşrlərin fəaliyyəti, həyata keçirilən layihələr haqqında məlumat veriblər. Gələcək planlar, yayım işi barədə söz açılıb, təkliflər səsləndirilib.