Bu il Azərbaycan ədibi, ictimai-siyasi xadim, mollanəsrəddinçi, publisist, pedaqoq, "Qeyrət" mətbəəsinin sahibi və "Molla Nəsrəddin" jurnalının həmtəsisçisi Ömər Faiq Nemanzadənin anadan olmasının 150 ili tamam olur.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları tərəfindən ədibin 150 illik yubileyi ilə əlaqədar silsilə materiallar - “Ömər Faiq Nemanzadə-150” adlı virtual sərgi, videomaterial və metodik vəsait hazırlanıb.

Kitabxanadan bildirilib ki, videomaterialda ictimai-siyasi xadim, mollanəsrəddinçi, publisist Ömər Faiq Nemanzadənin həyat və yaradıcılığı, elmi fəaliyyəti, əsərləri, Molla Nəsrəddin jurnalındakı fəaliyyəti haqqında məlumatlar əks olunub. Həmçinin ədibin haqqında dövri mətbuatda çıxan məqalələr və görkəmli ictimai xadimlərin onun haqqında söylədiyi dəyərli fikirlər də yer alıb.

“Ömər Faiq Nemanzadə-150” adlı virtual sərgidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ömər Faiq Nemanzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında imzaladığı Sərəncamın mətni, Nemanzadənin türk dilinin inkişafındakı rolu, haqqında yazılmış kitablar və publisistin müəllifi olduğu kitabların biblioqrafik təsviri öz əksini tapıb.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan və respublikanın kütləvi və ixtisaslaşdırılmış kitabxanaları üçün nəzərdə tutulan “Ana dilinin yorulmaz təbliğatçısı” adlı metodik vəsaitdə isə ədibin mübarizə tariximizdə, xalqımızın ictimai və milli şüurunun oyanması və formalaşmasında olan xüsusi mövqeyi, dahi ziyalının irsinin kitabxanalarda geniş təbliği məqsədilə müxtəlif kütləvi tədbirlərin həyata keçirilməsinə dair tövsiyələr, ədibin həyat və fəaliyyətinin əsas tarixləri öz əksini tapıb.

Hazırlanan materiallar kitabxananın rəsmi saytında və sosial şəbəkələrində yerləşdirilib.