Bakı Xoreoqrafiya Akademiyasının (BXA) orta ixtisas təhsili pilləsinin təşkilatçılığı ilə “Şah İsmayıl Xətainin tariximizdə, ədəbiyyatımızda və dilimizdə rolu” mövzusunda tədbir keçirilib.

Tədbir Səfəvilər dövlətinin banisi və ilk hökmdarı, klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Şah İsmayıl Xətainin (1487-1524) anadan olmasının 535 illiyinə həsr edilib.

Tədbirdə BXA-nın elm və yaradıcılıq işləri üzrə prorektoru vəzifəsini müvəqqəti icra edən sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Həbibə Məmmədova, orta ixtisas təhsili pilləsinin direktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, rəqqas-xoreoqraf Tahir Eynullayev, Sənətşünaslıq kafedrasının müdiri Şəhla Əliyeva, İctimai fənlər kafedrasının müdiri Elnurə Kazımzadə, Əməkdar incəsənət xadimi, professor Rafiq Sadıxov, orta ixtisas təhsili pilləsinin müəllim-tələbə heyəti və şair, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu iştirak ediblər.

Tədbiri orta ixtisas təhsili pilləsinin direktoru Tahir Eynullayev açaraq Xətainin həyat və yaradıcılığı barədə ətraflı məlumat verib.

Orta ixtisas təhsili pilləsinin I kurs tələbələrinin təqdimatında Xətainin həyatı, dövlətçilik fəaliyyəti və yaradıcılığı haqqında məlumat verilib. Vurğulanıb ki, böyük sərkərdə Ş.İ.Xətai vahid Azərbaycan yaratmaq məqsədilə Səfəvilər dövlətinin əsasını qoyub. O, Azərbaycan dilini dövlət və şeir dilinə çevirərək ölkənin siyasi, ictimai, iqtisadi və mədəni inkişafı uğrunda böyük xidmətlər göstərib. Ədibin əsərlərini əsasən Azərbaycan dilində, müəyyən qismini isə fars və ərəb dillərində yazdığı qeyd edilib.

Sonra tələbələr Xətainin “Dəhnamə” poemasından “Bahariyyə” hissəsini və digər şeir və qəzəllərini səsləndiriblər.